Qənirə Paşayeva Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirib

Qənirə Paşayeva Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Burdur vilayətində "Tarixin qara ləkəsi: Xocalı soyqırımı" adlı konfrans keçirib.

Axar.az xəbər verir ki, Burdurda Məhməd Akif Ərsoy Universitetində keçirilən tədbirdə öncə Xocalı soyqırımını əks etdirən foto-sərginin açılışı olub. Millət vəkili Q.Paşayeva, Burdur Ərsoy Universitetinin rektoru dr. Adəm Qorxmaz, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dr. Nəcibə Nəsibova, Burdur vali və bələdiyyəsinin rəsmiləri, QHT və KİV təmsilçiləri, müəllim və tələbələr sərginin açılışında iştirak ediblər.

Millət vəkili sərgi iştirakçılarına fotolarla Xocalıda baş verən faciə barədə geniş məlumatlar verib. Sərginin açılışından sonra yüzlərlə tələbənin, müəllimin iştirak etdiyi "Tarixin qara ləkəsi: Xocalı soyqırımı" adlı tədbir keçirilib.

Tədbirin təşkilaçısı Adəm Qorxmaz, Nəcibə Nəsibova, dosent Esma Özdaşı Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.

Q.Paşayeva soyqırımın dünyaya duyurulması üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. Xocalı soyqırımını bir sıra ölkələrin rəsmən qəbul etməsinə baxmayaraq, bu qırğını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən Qənirə Paşayeva cinayətkarların cəzalandırılmasının Azərbaycanın əsas hədəflərindən olduğunu qeyd edib.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında işğal edilmiş Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: "Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq.

Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək, bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmir. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu, Xocalı soyqırımı da daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik".

Tədbirin sonunda Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova "Xocalı laylası" və "Ayağa qalx, ey türk oğlu" əsərlərini ifa edib.

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Burdurda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə