Sədr müavini AGF-nin komissiya üzvü seçilib

Sədr müavini AGF-nin komissiya üzvü seçilib

18 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Mlli Şirasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib. Seçkilər 2017-ci ilin Avropa Gənclər Paytaxtı Bolqarıstanın Varna şəhərində Forumun Baş Assambleyasında keçirilib.

Tədbir Avropa Gənclər Forumunun illik hesabatının qəbul olunması, yeni rəhbərliyin, idarə heyətinin və təşkilatın yeni üzvlərinin seçilməsi məqsədi ilə həyata keçirilib.

Baş Assambleyada forumunun yeni prezidenti, yeni vitse prezidentlər, idarə heyətinin üzvləri və Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvləri seçilib. Milli Şuranın Avropa gənclər platformalarında aktiv iştirakının nəticəsi olaraq təşkilatın sədr müavini Forumun Yeni Üzvləri Qəbulu Komissiyasının üzvü seçilib. Milli Şuranın sədr müavinin vəzifəsi foruma yeni üzvlərin qəbulu prosesinin həyata keçirilməsi və onların üzvlük kriteriyalarına uyğunluğunun yoxlanılması olacaqdır.

Milli Şuranın sədri Seymur Hüseynov qeyd edib: "Bu gənclər siyasətimizin növbəti uğurudur. Milli Şura ölkəmizdə gənclər təşkilatlarını bir çətir altında birləşdirməklə yanaşı, Avropada, eləcə də dünyanın dörd bir yerində gənclər və gənclər təşkilatlarını layiqli şəkildə təmsil edir. Biz Azərbaycan gəncliyinin səsi olmaqdan qürur duyuruq". Xatırladaq ki, Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bu gün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-lərini birləşdirərək 10 milyondan çox gəncin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin edilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsidir. ARGTMŞ ölkəmizin ən böyük milli gənclər platforması kimi 1997-ci ildən Avropa Gənclər Forumunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə