AMEA Rəyasət Heyətinin iclası keçirilib FOTOLAR

AMEA Rəyasət Heyətinin iclası keçirilib FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevin "AMEA-nın Kimya Elmləri Bölməsinin institutlarında aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində bildirib ki, Kimya Elmləri Bölməsinin institutları 2003-2015-ci illərdə kimya elminin neft kimyası, qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və kimya texnologiyasının nəzəri problemləri, yüksək molekullu birləşmələr və üzvi kimya sahələri üzrə bir çox elmi və tətbiqi əhəmiyyətli nəticələr əldə ediblər. Qeyd edib ki, son beş ildə kimya institutları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR və beynəlxalq qurumların qrant müsabiqələrinin qalibi olublar. Bundan başqa, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin və onlara edilən istinadların sayı da ildən-ilə artmaqdadır.

Məruzəçi qlobal iqtisadi böhranın təsiri və postneft dövrünun başlaması ilə əlaqədar qarşıdakı 2025-ci və sonrakı illər üçün kimya elminin sürətli və ciddi inkişafına əsas olacaq perspektiv istiqamətləri də sadalayıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla bölməyə daxil olan institutların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qərarda məruzədə qeyd edilən perspektiv istiqamətlər üzrə tədqiqatların və alınacaq yeni nəticələrin müzakirəsini mütəmadi olaraq təşkil etmək, institutların elmi fəaliyyətinin səmərəliyini yüksəltmək üçün onların koordinasiyasını və elmi tədqiqatların inteqrasiyasını təmin etmək və digər müddəalar yer alır.

Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında da Rəyasət Heyəti qərar qəbul edib. İnstitutun Analitik informasiya və nəşriyyat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb.

Gündəlikdə əksini tapan növbəti məsələ görkəmli filosof alim, fəlsəfə üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun 80 illik yubileyi haqqında olub. Alimin Azərbaycan fəlsəfə elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, yubileyi ilə əlaqədar Rəyasət Heyəti AMEA-nın Fəlsəfə İnstitutunda "Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz" mövzusunda konfransın keçirilməsi barədə qərar qəbul edib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə