Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu gün ƏƏSMN-də BƏT və BMT İP-nın birgə missiyası ilə görüş olub.
Görüşdə nazir Səlim Müslümov əmək bazarında gənclərin rolunun artırılması yönündə tədbirləri, bu sahədə BƏT-lə, habelə BMT İnkişaf proqramı ilə birgə icra olunan layihələri, əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, inklüziv əmək bazarının təmin edilməsi, layiqli əməyin təminatı yönündə görülən işləri qeyd edib.
Ölkəmizdə demoqrafik inkişafın təmin edildiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, 2016-cı ilin yanvar-avqust aylarında əhalinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə müsbət demoqrafik meyllər, o cümlədən əhalinin sabit artım tempi, milli inkişaf prespektivləri nəzərə alınmaqla, 20-dən çox aidiyyəti dövlət orqanının, sosial tərəfdaşların iştirakı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)"nın layihəsi hazırlanıb: "Milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun məşğulluq siyasətinin təkmilləşdirilməsi, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi, dövlət investisiya xərclərində, infrastruktur layihələrində məşğulluq faktorunun ön planda saxlanılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının yaradılması və s. layihədə prioritet istiqamətlərdir. Həmçinin sosial cəhətdən həssas qrupların əmək bazarına inteqrasiyası imkanlarının artırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial tərəfdaşlığın inkişafı və s. də layihədə əksini tapır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB