Məmurlara növbəti xəbərdarlıq

Prezident İlham Əliyev: "Zəbt edilmiş torpaqların bir hissəsi məmurlara məxsusdur"
Məmurlara növbəti xəbərdarlıq

Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da, həmişə olduğu kimi, yenə də məmurlara xəbərdarlıq edərək, məsuliyyətsizlik göstərdiklərini bildirib: "Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur".

Dövlətimizin başçısı daha sonra deyib: "İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə, kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq. Bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd təsərrüfatı naziri, həm "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə, heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın".

"Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var"

Prezident İlham Əliyev onu da əlavə edərək bildirib ki, minlərlə torpaq sahələri zəbt edilib hasarlanıb: "Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir".

Dövlət başçısı bildirib ki, torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir: "Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar".

Bəli, bütün bunlar Azərbaycanın reallıqlarıdır və həmin reallıqlar nəticəsində bu gün dünyada Azərbaycan modeli var. Bu, bir faktdır ki, Prezident İlham Əliyev istənilən çıxış və nitqlərində ölkəmizdəki nöqsanları da açıq-aşkar bəyan edir və çıxış yollarını göstərir. Bu konfransda da tənqidi məqamlara kifayət qədər yer verildi və dövlətimizin başçısının budəfəki tənqidi fikirləri daha böyük auditoriyanı əhatə edirdi. Ən başlıcası isə Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini xatırladaraq, bildirdi ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır.

Eyni zamanda, keçirilən müşavirələrdə dövlət başçısı, həmçinin xəbərdarlıq edir ki, cəza tədbirləri görülür və görüləcəkdir: "Ancaq mənfi mənzərə ilə üzləşəndə, tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən, mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir".

Göründüyü kimi, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib və dövlətimizin başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədinin reallığa çevrildiyini sübut edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə