Forum bu dəfə Ağcabədidə keçirildi

Forum bu dəfə Ağcabədidə keçirildi

Bu gün Ağcabədi rayonunda "Region gənclərinin inkişafına dəstək" Forumu keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən Forum Azərbaycan Respublikasının Dövlət Himni ilə öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi Forumda giriş sözü ilə Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edib. O, Ağcabədi rayonunda ilk dəfə həyata keçirilən Forumun məqsədi barədə məlumat vermiş, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasətinin region gənclərinə təsirindən və nəticələrindən danışıb. Bildirmişdir ki, dövlət hər zaman gənclərimizin inkişafı üçün zəruri tədbirlər görür, müvafiq dövlət proqramları həyata keçirir, onları daima diqqətdə saxlayır. R.Qafarova qeyd etmişdir ki, Forum region gənclərinin problemlərinin öyrənilməsi, mövcud imkanların dəyərləndirilməsi və görülə biləcək işlərin müzakirə edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva çıxış etmiş, rayonda gənclər üçün yaradılmış şərait barədə məlumat vermiş, gənclərin rayonun ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, gənclərin təhsil alması, mənəvi və fiziki tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan imkanları qeyd etmiş, bu istiqamətlərdə silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

"Davos" formatında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun da məruzəsi dinlənilib. O.Ərəbov Gənclər Fondunun ölkə ərazisində həyata keçirdiyi fəaliyyət barədə məlumat vermiş, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat vermişdir. O, region gənclərini Fondla sıx əməkdaşlığa çağırmış, yaradılmış imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev də məruzəsində yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına zəngin informasiya vermiş, onlarla fikir mübadiləsi aparmışdır.

Daha sonra Forum iştirakçıları öz fikirlərini bölüşmüş, onları maraqlandıran suallara cavab tapıblar. İştirakçılar bu cür forumların dövlət-gənclər arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox gözəl fürsət olduğunu diqqətə çatdırıblar.

Forum gündəliyə uyğun davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə