“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək

“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək

29 aprel 2016-cı il saat 19.00-da Azərbaycan Akademik Milli Dram Teatrında "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi baş tutacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması layihənin əsas məqsədləri sırasına daxildir.

Qeyd edək ki, bu il 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.

Final mərhələsinin sonunda festivalın nominantlarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Məhz 2009-cu ildə "Eurovision" mahnı festivalında Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə "Eurovision" mahnı festivalında Azərbaycana möhtəşəm qələbəni - birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olublar.

2011-ci ildən etibarən "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

"Tələbə baharı mahnı festivalı"nın final mərhələsində gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə