Narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib FOTOLAR

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 aprel 2016-cı il tarixdə Xırmandalı kənd 1 saylı tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir" mövzusunda maarifləndirici tədbir keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 200 nəfərə yaxın gəncin iştirak etdiyi tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Təhsil şöbəsinin metodisti Ağamməd Caniyev, Xırmandalı kənd xəstəxanasının baş həkimi Saməddin Səfərov, rayon Polis şöbəsi rəisinin I müavini Toğrul Mahmudov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.

Tədbirdə çıxış edən digərləri də narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu qeyd ediblər. Onlar narkomaniyaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq, bu sahədə daha ciddi addımlar atılmasının, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildiriblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda antinarkotizmi təbliğ edən qısametrajlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə