Deputat Goranboyda təmas xəttində olub

Son günlər bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalmasından sonra, Ermənistanın bu təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə silahlı qüvvələrimizin cəbhədə cavab tədbirləri keçirməsi nəticəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması, düşmənin yüzlərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi Azərbaycan xalqında ruh yüksəkliyi yaradıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib iki, aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaq.

Qeyd edək ki, ordumuzun ələ keçirdiyi yüksəkliklərdən bir neçəsi Goranboy və Tərtər rayonlarına, eləcə də Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər olub. Həmin yüksəkilklərdən düşmən mütəmadi olaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutur, yaşayış evlərinə zərər yetirirdi.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev aprelin 3-ü və 4-də Goranboy rayonunun Tapqaraqoyunlu və Zeyvə kəndlərində olub və təmas xəttində yerli əhali və hərbiçilərlə görüş keçirərək onları qələbə münasibətilə təbrik edib. Əhali ilə görüşən Ağalar Vəliyev onlara bildirib ki, Azərbaycan dövləti cəbhədə yaşayan hər bir vətəndaşının təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atır və Ali Baş Komandan tərəfindən bu barədə müdafiə nazirinə, müvafiq qurumlara konkret göstərişlər verilib. O, düşmən qarşısında mərdi-mərdanə dayanan Tapqaraqoyunlu sakinlərini ordumuzun qələbəsi münasibətilə təbrik edərək deyib ki, Azərbaycan işğal altındakı torpaqlarımızı erməni silahlı birləşmələrindən azad etməyə hazırdır və bunun üçün güclü ordumuz var. Yerli sakinlər isə ordumuzun qələbələrinin onlarda yüksək əhval-ruhiyyə yaratdıqlarını bildiriblər.

Qeyd edək ki, deputat cəbhə kəndlərində ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə də baxış keçirib, zərərçəkən evlərin təmiri ilə bağlı əlavə tədbirlərin görülməsi üçün lazımi təşəbbüslər göstərib, yerli əhaliyə maddi-mənəvi dəstək verib, onlara ərzaq paylayıb. O, xüsusilə, Zeyvə kəndində "Qrad" mərmisinin dağıtdığı evin yenidən qurulmasını öz üzərinə götürüb və yaxın günlərdə evin təmir olunaraq vətəndaşa təhvil veriləcəyi nəzərdə tutulub.

Millət vəkili Tapqaraqoyunlunun müdafiəsində duran, aprelin 2-də işğal altında olan Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən təmizləyən əsgər və zabitləri qələbə münasibətilə təbrik edərək, onlara bu münasibətilə bayram sovqatı və siqaret paylayıb.

Ağalar Vəliyev aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin yanında aprelin 2-də keçirilən Təhlükəsizlik Şurasının iclası ilə bağlı Goranboy rayon fəallarının yığıncağında da iştirak edib. Fəallar qarşısında çıxış edən deputat cəbhədəki erməni təxribatına toxunaraq qeyd edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına yönələn danışıqlar prosesinin bütün həlledici məqamlarında Ermənistan tərəfindən həmişə belə təxribatlar törədilir, təmas xəttində gərginlik yaradılır: "Lakin Ermənistan ordusu bu təxribatların müqabilində atəşkəs rejimindən sonrakı dövrdə ilk dəfə olaraq çox ağır sarsıdıcı zərbə aldı, erməni təxribatı Azərbaycan Ordusu tərəfindən laiqincə cavablandırıldı. Rəşadətli silahlı qüvvələrimiz təmas xəttində həlledici üstünlüyə nail oldu və böyük hərbi qələbə qazandı. Təhlükəsizlik Şurasının iclasında Cənab Prezidentin xüsusi vurğuladığı kimi, 2016-cı ilin aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Bu münasibətlə mən Milli Ordumuzun bütün şəxsi heyətini, əsgərlərimizi, zabitlərimizi, xalqımızı və goranboyluları ürəkdən təbrik edirəm. Əminəm ki, möhtərəm Prezidentimiz, Silahlı qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaq, Dağlıq Qarabağda və ətraf rayonlarımızda müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı şərəflə dalğalanacaqdır".

Deputat çıxışında bildirib ki, təmas xəttindəki əhali və hərbçilərimizlə görüşündən razı qalıb. "Goranboylular, əsgərlərimiz çox yüksək əhval-ruhiyyədədirlər. Ordumuzun qələbələri, təmas xəttindəki sakinlərin yüksək əhval-ruhiyyəsi adamda fərəh hissi doğurur", deyə Ağalar Vəliyev bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə