Əlillərə 7297 protez məmulat verilib

Cari ilin ilk rübündə əlilliyi olan şəxslər 7297 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminatı işlərini cari ildə də davam etdirir. Belə ki, bu ilin yanvar-mart aylarında Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 7297 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar. Onlardan 553 ədədini əlil arabaları, 202 ədədini aşağı ətraf protezi, 438 ədədini dirsəkaltı ağac, 203 ədədini dördayaqlı dayaq vasitəsi, 175 ədədini bel və boyun nahiyəsi üçün korsetlər təşkil edib. Həmin insanlara həmçinin 909 cüt ortopedik ayaqqabı, 158 ədəd eşitmə aparatı, 1796 ədəd müxtəlif reabilitasiya vasitəsi, 553 ədəd əsa və s. verilib. Onlara məxsus 222 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

Ümumilikdə cari ilin birinci rübündə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 2,2 dəfə çox əlil arabası verilib.

Qeyd olunan dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 179 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...