Əsgər valideynləri hərbi hissədə FOTOLAR

Əsgər valideynləri hərbi hissədə FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq tapşırığına əsasən, martın 20-də Novruz bayramı münasibəti ilə Tərtər rayonu ərazisindəki N hərbi hissədə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib.

Qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, yataqxana və yeməkxanaya baş çəkiblər.

Tədbirin əvvəlində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Müdafiə Nazirliyinin generalları Rasim Əliyev və Hikmət Həsənov hərbi hissənin şəxsi heyətini, əsgər valideynləri və yaxınlarını Novruz bayramı münasibətilə təbrik edib, cansağlığı və firəvanlıq arzulayıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevirilib. Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdləri qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.

Qeyd edilib ki, bu gün Azərbaycan Ordusunun qarşısında duran ən vacib vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasıdır. Silahlı Qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır, buna qadirdir.

Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, 5 əsgər məzuniyyətə göndərilib. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatı paylanıb.

İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər.

Goranboy rayonundan gəlmiş valideyn Müşfiq Əzizov hərbi hissə ilə bağlı təssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: "Bu gün biz hərbi hissədə zabit və əsgərlər üçün yaradılmış şəraitlə, övladlarımızın xidməti ilə yaxından tanış olduq. Əsgərlərin xidmət şəraiti səviyyədədir. Ordumuza göstərilən yüksək qayğıya, hərbçilərimiz üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Əsgər anası Gülxar Mirzəyeva isə deyib: "Övladım 9 aydır hərbi xidmətdədir. Bir ana kimi oğlumdan nigaran idim. Bu gün əsgərlərin xidmət və məişət şəraiti ilə tanış oldum. Yaradılan şəraitdən razıyam. Arzu edirəm ki, oğlum qalib ordunun əsgəri kimi, hərbi xidməti başa vurub evimizə qayıtsın".

Bütün xəbərlər Facebook səhifəmizdə