"Həm piyadalar, həm də sürücülər mümkün qədər diqqətli və qanun çərçivəsində hərəkət etməlidilər ki, yol-nəqliyyat hadisələri baş verməsin. İstər piyadaların, istərsə də sürücülərin vəzifələri Yol Hərəkəti Haqqında qanunla tənzimlənir". Bu fikirləri SİA-ya hüquqşunas, vəkil Asif Abdullayev piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdikdə sürücünün icra etməli olduğu vəzifələrə aydınlıq gətirərkən deyib.

Vəkil qeyd edib ki, Yol Hərəkəti Haqqında qanunun 37-ci maddəsinin IV hissəsinə əsasən, yol nəqliyyat hadisəsi baş verdikdə sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənlər həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməlidir. Bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalıdır.Qanunda həmçinin sürücünün öz şəxsiyyəti barədə müvafiq orqana məlumat vermək vəzifəsi də nəzərdə tutulub. Göründüyü kimi, hadisə baş verdikdə sürücünün ilk və əsas vəzifələrindən biri, zərərçəkən şəxsə tibbi yardım göstərilməsini təşkil etmək üçün bütün zəruri addımların atılmasından ibarətdir. Daha sonra özü barədə məlumat verməkdir. Sürücü öz şəxsiyyəti barədə xəsarət alan şəxsə bu və ya digər yolla məlumat verməli və yaxud digər vasitələrlə özünü bəlli etməlidir".
Asif Abdullayev onu da qeyd edib ki, piyadanın vurulması ilə bağlı sürücünün hadisə yerindən yayınması ağır nəticələrə səbəb ola bilər: "Heç bir halda məsuliyyətdən yayınmaq məqsədi ilə hadisə yerindən qaçmaq lazım deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, hadisə törətmiş sürücünün hadisə yerindən qaçması, zəzərçəkən şəxsi köməksiz qoyması deməkdir. Bunun nəticəsində də zərərçəkən şəxs vəfat edə bilər. Daha sonra bu addımın hüquqi nəticələrini nəzərə almaq lazımdır. Belə ki, hadisə törətməyə görə nəzərdə tutulmuş cəzadan əlavə olaraq, hadisə yerindən qaçan sürücü cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, 3 ilədək nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bir məqama da diqqət yetirmək lazımdır. Hətta hadisə yerindən qaçmayan sürücü zərər çəkmiş şəxsə lazımi köməklik göstərmədiyi halda (əgər buna imkanı varsa), həmin sürücü Cinayət Məcəlləsinin 143-cü maddəsinə (təhlükədə qoyma) əsasən məsuliyyətə cəlb edilə bilər. Bu da üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə anlamına gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB