Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkum fərdi qaydada dinlənilib, onlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, bəzi müraciətlər yerində araşdırılıb.
Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin yataqxana, tibb-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Bununla yanaşı Penitensiar Xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrinə plandankənar başçəkmələr həyata keçirib, Ombudsmana ünvanlanmış müraciətlər yerində araşdırılıb.
Başçəkmə çərçivəsində həmin müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB