Bu gün Azərbaycanda Ali Kənd Təsərrüfatı təhsilinin verilməsinin 95, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna Ulu öndər Heydər Əliyev tərəfindən "Şərəf nişanı" ordeni təqdim edilməsinin 35 ili tamam olur.
Hər iki əlamətdar hadisənin ölkənin yeganə aqrar təhsil verən ali ocağının həyatındakı rolundan bu gün keçirilən tədbirdə danışılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1920-ci il dekabrın 16-da Bakı Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsinin yaradılması ilə əsası qoyulan Azərbaycan Dövlət Aqrar Universiteti ölkədə kənd təsərrüfatının kadr potensialının təchizatçısı və aqrar təhsilin təminatçısıdır. 1931-ci ildən Gəncədə fəaliyyət göstərən ali təhsil ocağı aqrar təhsilin və aqrar elmin təşkilində və inkişafında müstəsna rola malikdir. Yüksəkixtisaslı mütəxəssis hazırlığı və kənd təsərrüfatı elminin inkişafında xidmətləri hələ sovetlər dönəmindən diqqəti cəlb edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu "Şərəf nişanı" ordeni ilə təltif edilib. Hər iki əlamətdar tarixi hadisəni qeyd edən Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi bu gün də dövlətin diqqəti ilə əhatələnib. Maddi-texniki imkanları artan universitet üçün dövlət hesabına iki yataqxana binasının tikintisi, müəllimlər üçün çoxmərtəbəli yaşayış binasının inşası minnətdarlıqla qarşılanıb. Tədbirdə universitetdə ölkə üçün əhəmiyyətli olan 11 ixtisasın dövlət sifarişinə götürülməsinin qeyri-neft sektorunun inkişafı baxımından önəmli olduğu vurğulanıb.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB