Sayğac üçün müraciət edərkən bilməli olduqlarımız ARAŞDIRMA

Ölkəmizdə infrastrukturun inkişafı sahəsində aparılan davamlı işlər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən faktorlardandır. Buraya su, qaz, işıq təminatı və s. sosial layihələr istiqamətində görülən işləri də əlavə etmək mümkündür. Lakin bir sıra hallarda neqativ amillər də nəzərə çarpmaqdadır ki, həmin amillərin aradan qaldırılması üçün müfaviq strukturlar tərəfindən tədbirlər görülür. Enerji və su təminatı sahəsində yaranan narazılıqlar - sayğacların, eləcə də təchizata aid proseslərdə yaşanan hallar arzuolunmazdır. Cəmiyyətdə bəzən çaşqınlıq yaranır ki, yaşayış evinə su və yaxud da qaz sayğacı quraşdırılması üçün hara müraciət olunmalıdır və ən əsası isə sayğacların quraşdırılması ödənişlidirmi? Bütün bunları nəzərə alaraq aidiyyatı qurumlara müraciət edərək suallarımıza cavab axtardıq. Onları oxucularımıza təqdim edirik.

Sayğacların quraşdırılmasında əlavə rüsum ödənilməlidirmi?

Redaksiyamıza daxil olan oxucu məktublarından da bəlli olur ki, şikayətlərin bir çoxu sayğac sistemlərinin quraşdırılması ilə bağlı olur. Oxucularımız isə öz məktublarında qeyd edirlər ki, sayğacların quraşdırılması proseslərində əhalidən qeyri-qanuni şəkildə əlavə rüsumların ödənilməsi tələb olunur və s. bənzər hallar müşahidə edilir.

Məsələ ilə bağlı ilk olaraq, "Azərsu" ASC-nin mətbuat xidmətinə müraciət etdik. Bizə rəsmi qaydada məlumat verən qurumdan bildirilib ki, fərdi yaşayış evlərinin sahibləri su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün "Azərsu" ASC-nin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutuna ərizə ilə və ya elektron qaydada müraciət etməlidirlər.

"Azərsu" ASC neqativ halları araşdırıb, nəticə çıxarır

Mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri və ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti vacib olan sənəddir. Ərizə daxil olduqdan sonra "Azərsu" ASC-nin aidiyyəti strukturunun əməkdaşı sifarişçinin fərdi yaşayış evinə və ya torpaq ərazisinə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və "Su təchizati və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi" Qaydalarının tələblərinə uyğun müvafiq texniki şərti Cəmiyyətin və ya aidiyyatı struktur bölməsinin rəhbərliyinə təsdiq üçün təqdim edir. Fərdi yaşayış evlərinin su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması, sayğacın quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən yerinə yetirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Yəni əhali qrupu üçün texniki şərtin verilməsi və sayğacın quraşdırılması ödənişsizdir.

"Azərsu" ASC ilə abonent arasında əldə olunan razılığa əsasən hər iki tərəfin öhdəlikləri müəyyən edilir

Qeyri-əhali qrupu istehlakçılarda isə bu prosedur bir qədər fərqli həyata keçirilir. Belə ki, su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrası "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına yerinə yetirilir. Bu zaman "Azərsu" ASC ilə abonent arasında əldə olunan razılığa əsasən hər iki tərəfin öhdəlikləri müəyyən edilir.

Qurumdan eyni zamanda bildirilib ki, daxil olan şikayətlər üzrə müvafiq şöbələr fəaliyyət göstərir və neqativ hallar arkarlanarsa, yerindəcə həll olunur.

"Azəriqaz" İB-dən aydınlıq gətirildi: "İşlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub"

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən də öyrənmək qərarına gəldik. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin noyabr ayının əvvəlindən başlayaraq fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə verilən texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub.

Birlikdən o da qeyd olunub ki, artıq gələn ildən başlayaraq, 2016-cı ilin yanvar ayının 1-dən texniki şərtlərin verilməsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "Asan xidmət" mərkəzlərində həyata keçiriləcək. Artıq bu məqsədlə hazırıq proseslərinə də başlanılıb. Texniki şərtin hazırlanması və "Asan xidmət" mərkəzləri tərəfindən verilməsi qaydaları barədə vətəndaşlara əlavə məlumat veriləcək.

Qurumdan bizə rəsmi olaraq bildirilib ki, qaydalara əsasən fərdi yaşayış evlərinin (mənzillərinin) qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 m3-ə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur.

Bəzi hallarda vətəndaşlar görüləcək işlərə görə öz hesablarından ödənişlər edirlər

Həmçinin, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi vətəndaşların düzgün məlumatlandırılması məqsədi ilə diqqətinizə çatdırır ki, Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış ərazilərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin icrası vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. "Qaz təchizatında təhlükəsizlik Qaydaları"nın, "Qazdan istifadə Qaydaları"nın, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına aparılmış qazlaşdırılma işlərinin texniki-icra və layihə sənədləri tikinti təşkilatları tərəfindən "Аzəriqаz" İstеhsаlаt Birliyinə təqdim оlunduqdan, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа yaşayış sahələrinə təbii qаzın verilməsi təmin edilir.

Maraqlı məqamlardan biri də fərdi yaşayış evlərində quraşdırılan "G-4" tipli qaz sayğacları "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunmasıdır.

Sonda isə bildirilib ki, əhalini narahat edən problemlərin yerindəcə həll edilməsi istiqaməində operativ qruplar fəaliyyət göstərir. O cümlədən, abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması üçün səylər davam etdirilir.

Biz də ümid edirik ki, bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar bundan sonra yarana biləcək hər hansı problemləri qısa zaman ərzində həll edərək, vətəndaşlara yüksək səviyyəli xidmət göstərəcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə