"AZAL" jurnalistləri mükafatlandırdı

"AZAL" jurnalistləri mükafatlandırdı

Bu gün "Sheraton" Hoteldə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev, AZAL-ın I vitse-prezidenti Sabir İlyasov, ölkədə fəaliyyət göstərən qəzetlərin baş redaktorları və müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.

İlk çıxış edən AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev Milli Mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra E.Hacıyev AZAL-ın naliyyətlərindən söz açıb: "20 il ərzində Azərbaycanın mülki aviasiyası şərəfli yol keçib. Fəxr hissi ilə qeyd etməliyik ki, AZAL "4 Ulduz" aviaşirkətlər sırasına daxil olub. MDB-də səviyyəsinə görə AZAL kimi 2-ci aviaşirkət yoxdur. Professional yoldaşlarımız bizə həsəd aparır".

Sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin məqsədi Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olub: "İyunun 19-dan başlayan müsabiqə iyul ayının 15-dək davam edib. Bu müddətdə müsabiqəyə 50 yazı təqdim olunub və onlardan 16-sı qalib olub. İyun ayının 19-da KİVDF "AZAL"la birgə "Azərbaycan Mülki Aviasiyası keçmişi, bu günü və gələcəyi" mövzusunda müsabiqə elan etmişdi. Bu müsabiqə "AZAL"la Fondun ilk əməkdaşlığıdır. İnanıram ki, bu müsabiqə "AZAL" la mətbuat arasında əlaqələrin yaranmasına, əməkdaşlığın daha da inkişafına təkan verəcək".

Fondun "AZAL" la birgə keçirdiyi müsabiqəyə 31 KİV-in qatıldığını bildirilib. Sonda müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə