Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti, eləcə də şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Narkomaniyaya və zərərli vərdişlərə yox deyək" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, tələbə və müəllimlər iştirak ediblər.Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə keçirilən tədbirdən əvvəlçə mövzuya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra iştirakçılara narkotik vasitələr, onların insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən danışıb. Qeyd olunub ki, dünyada, eləcə də, respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. Daha sonra şəhər İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Lənkəran rayonlararası narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əskərov və başqaları çıxış edərək bu ümumbəşəri bəlanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışıblar. Natiqlər bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğulayıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB