İyunun 11-də Avropa parlamenti 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibliyi haqqının Rusiyaya qeyri-qanuni verilməsinin sübut olunacağı təqdirdə onun mümkün yerdəyişməsini dəstəkləyən qətnamə qəbul edib.
BBC telekanalı xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında dərc olunmuş bəyanatda deyilir. Qətnamədə, həmçinin FİFA prezidenti Yozef Blatterin vəzifəsini dərhal tərk etməsi barədə çağırış da yer alıb. Bir qədər əvvəl Blatter artıq öz istefasını elan etmiş, lakin bunun dekabr ayından tez baş tutmayacağını demişdi.
Hazırda amerikalı və isveçrəli müstəntiqlər FİFA məmurları arasında korrupsiya ilə bağlı təhqiqatlar aparırlar. Bununla əlaqədar artıq bir neçə nəfər saxlanılsa da, Yozef Blatter barəsində hələ ki, heç bir ittiham irəli sürülməyib.
Rusiyada keçirilməsi planlaşdırılan dünya çempionatının yerinin dəyişdirilməsinin mümkünlüyü barədə şayiələr FİFA məmurlarının həbsindən dərhal sonra yayılmağa başlamışdı. Bununla belə, təşkilatın məmurlarının Rusiyadan rüşvət almasına dair indiyədək heç bir sübut tapılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB