İranda gənclərin II iclası keçirilib

İranda gənclərin II iclası keçirilib

İran İslam Respublikasının Calus şəhərində Xəzəryanı ölkələrin gənclərinin II iclası keçirilib. İclasda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistandan nümayəndələr iştirak ediblər. Tədbirdə Azərbaycanı Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəşad Musayev, Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Xədicə Damadayeva, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri Nurxan Babayev və Tural Əzizovdan ibarət nümayəndə heyəti təmsil edib.

Gənclər Təşkilatları Milli Şurasından bildiriblər ki, iclası İran İslam Respublikasının QHT və beynəlxalq siyasət üzrə tədqiqatçısı Rohollah Modaberin açıb.

Rusiyanın Gənclər üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Olqa Evko 2014-cü ildə Həştərxan vilayətində keçirilmiş I iclasdan sonra görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.

İclasda çıxış edənlər gənclərin dostluq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri ətrafında təcrübələrini bölüşüblər.

Plenar iclasda Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan gənclər siyasəti, bu sahədə görülən işlər, ölkənin uğurları haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Azərbaycanda gənclər və gənclər təşkilatları ilə iş istiqamətində görülən işlərlə bağlı təqdimat maraqla qarşılanıb.

İclasda gələcəkdə görüləcək işlər haqqında sənəd layihəsi üzərində fikir mübadiləsi aparılıb. Sənəd müvafiq ölkələrin aidiyyəti qurumları tərəfindən baxılması üçün nümayəndə heyətlərinin rəhbərlərinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, növbəti iclasın 2016-cı ildə Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə