Milli Məclisin yaz sessiyası artıq öz işini yekunlaşdırdı. Sessiya dövründə bir çox qanunlar qəbul olunub, əksər qanunlara isə əlavələr və dəyişikliklər edildi. Millət vəkilləri SİA-ya açıqlamalarında bu sessiyanın da məhsuldar olduğunu bildiriblər.
İsa Həbibbəyli: "Parlament yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərilib"
Millət vəkili İsa Həbibbəyli bildirib ki, ötən sessiya çox məhsuldar keçib: "Milli Məclisin IV çağırış yaz sessiyası öz işini uğurla başa vurdu. Ötən sessiya dövründə ölkəmizin inkişafı naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu, əlavə və dəyişikliklər edildi. Belə ki, qəbul olunmuş qanunvericilik aktları bütün sahələri əhatə edir. Xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir".
Millət vəkili qeyd etdi ki, bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir: "Ona görə də hesab edirəm ki, Azərbaycan parlamenti ötən sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib və Milli Məclisin yaz sessiyası da çox məhsuldar olub. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Xüsusilə, ötən sessiya dövründə bir sıra ölkələrin dövlət başçıları, parlamentariləri, dostluq qrupları eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək".
Millət vəkili onu da qeyd etdi ki, bu gün Prezident İlham Əliyev Cənablarının apardığı məqsədyönlü, praqmatik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi temp ən yüksək həddə artımla müşahidə olunmaqdadır: "Əlbəttə ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının məntiqi nəticəsi kimi dəyərləndirilir".
Nəriman Əliyev: "Yaz sessiyasının işi çox məhsuldar oldu"
Millət vəkili Nəriman Əliyev də bildirib ki, Milli Məclisin yaz sessiyası öz işini uğurla başa çatdırıb və ötən dövr ərzində əhəmiyyətli qərarlar qəbul edilib: "Artıq bildiyimiz kimi, ötən sessiyada bir sıra əhəmiyyətli qanunlar qəbul olunmaqla yanaşı, dövlətin inkişafı istiqamətində qəbul ediləcək digər qanun layihələri ətrafında da səmərəli müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti sessiyalarda da bir çox mühüm qərarların, qanunların qəbul olunması reallaşdırılacaq. Biz eyni zamanda əvvəlki sessiyada qarşımızda qoyulan məsələlərin hamısını yerinə yetirə bilmişik. Həm müvafiq strukturların illik hesabatlarını dinlədik. Ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildi. Ən əsası isə parlament cəmiyyətin ciddi ictimai müzakirə mərkəzi olduğunu bir daha təsdiq elədi. Həm gündəliyə salınan məsələlər, həm də günün aktual məsələləri üzrə vaxtaşırı məsələlər qaldırılır".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB