Çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda mövcud vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Mayın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 643 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 435 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 334 m3/s olmaqla, ongünlük normanın 165 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 42 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Mayın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 35, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 55 sm artım, Şirvanda 4, Bankədə isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 468 sm (2014-cü il mayın 15-də 301 sm), Şirvanda 299 sm (2014-cü il mayın 15-də 147 sm), Salyanda 253 sm (2014-cü il mayın 15-də 85 sm), Bankədə 217 sm (2014-cü il mayın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 233 sm (2014-cü il mayın 15-də 36 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə