Gəncə Dövlət Universitetində (GDU) və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Şuşanın işğalının 23-cü il dönümü anılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Dövlət Universitetində (GDU) "Şuşasız 23 il" mövzusunda keçirilən tədbirdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya incəsənətinə böyük töhfələr verən görkəmli şəxsiyyətləri barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il mayın 8-də Azərbaycanın bu qədim, zəngin tarixə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki olaraq qoparılmasına nail olublar. İşğal nəticəsində Şuşadakı tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Tədbirdə Dağlıq Qarabağ və Şuşanın işğaldan əvvəl və sonrakı görüntülərini əks etdirən sənədli film nümayiş etdirilib.
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə isə vurğulanıb ki, Şuşa strateji baxımdan əhəmiyyətli şəhərlərdən biri olub. Şəhərin ermənilər tərəfindən işğal edilməsi Azərbaycan tarixində qanlı izlər buraxıb. Bu gün beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün aparılan mübarizə xalqda tezliklə torpaqların geri qaytarılması ümidini yaradır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB