Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı

Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı

Naxçıvan Dövlət Universitetində (NDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı" mövzusunda elmi-praktik konfrans keçirilib. NDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının tədbirlər planına əsasən keçirilən konfransın plenar iclasını universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, ulu öndər Heydər Əliyevin doğma Vətəni Azərbaycan üçün gördüyü misilsiz işlərdən danışıb.

Bildirilib ki, Ümummilli Liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın əsaslı iqtisadi inkişaf strategiyası müəyyənləşdirilib. Bunun nəticəsində ötən əsrin 70-ci illərində ölkəmiz geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilib. Müstəqillik illərində də məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri sayəsində respublikamız iqtisadi tənəzzüldən xilas olaraq inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlib. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda iqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev "Xalqımızın ümummilli lideri Heydər Əliyevin aqrar siyasəti" mövzusunda məruzə edərək bildirib ki, dahi siyasətçinin rəhbərliyi ilə keçirilən iqtisadi islahatlar özünü doğruldub, aparılan torpaq islahatları, meliorasiya sahəsində görülən işlər, kənd təsərrüfatı istehsalında ixtisaslaşmalar, aqrar sahə ilə bağlı tarixi əhəmiyyətli qanunların qəbul edilməsi öz bəhrələrini verib. Azərbaycan qısa bir vaxtda kənd təsərrüfatı məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib.

Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Zeynəb Hüseynova "Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri" adlı məruzəsində vurğulayıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulan siyasətin uğurlu davamı nəticəsində muxtar respublika bu gün sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunan "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)" və "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində regionda real sektorun inkişafı sürətlənib, iqtisadiyyatın diversifikasiyasına, tarazlı və davamlı inkişafa, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artmasına və həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Ötən on ildəki makroiqtisadi göstəricilər – ümumi daxili məhsulun həcmi 13,9, hər bir nəfərə düşən ümumi daxili məhsul 12, sənaye məhsulları istehsalı 49, kənd təsərrüfatı məhsulları istehsalı 4,7, əsas kapitala investisiya qoyuluşu 16,4, əhalinin gəlirləri 10,2 dəfə artıb.

Konfrans işini "İqtisadiyyat" və "Mühasibat uçotu və dünya iqtisadiyyatı" adlı bölmə iclasları ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə