Yuyub aparan yaz yağışı

Şəmkirdə güclü yağan leysan yağışı evlərə və təsərrüfata ciddi ziyan vurub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Seyfəli və Abbaslı kəndləri yağışdan daha çox zərər görüb. Kənddəki evlərin əksəriyyətinin həyətlərinə və zirzəmilərinə su dolub. Ev quşları saxlanan damlara dolan yağış suları isə onlarla toyuğu tələf edib. Zirzəmilərə dolan su orda saxlanan ərzaq məhsulları və məişət əşyalarını yararsız hala salıb. Bəzi həyətlərdə isə su o qədər qalxıb ki, əşyaları axıdaraq aparıb. Bundan başqa yağış əkin sahələrinə də ziyan vurub. Həyətyanı sahələrdəki əkinlərdən heç bir iz qalmayıb. Təbiət hadisəsi zamanı evlərin həyət və zirzəmisinə dolan suyun təmizlənməsində sakinlərə FHN və Suvarma Sistemləri İdarəsinin texnikaları da yardımçı olub. Elektrik enerjisinin verilişində yaranan fasilə də tam aradan qaldırılıb.

Qeyd edə ki, Şəmkir rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası sakinlərə dəyən ziyanın məbləğini hesablamaq istiqamətində iş aparır.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə