Astarada Zərifə Əliyevanın xatirəsi yad edilib

Astarada Zərifə Əliyevanın xatirəsi yad edilib

Aprelin 24-də Astara Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş ana Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Qeyd olunub ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bildirilib ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Onun özündən sonra qoyduğu yol bu gün onun ardıcılları, yaxınları tərəfindən layiqincə davam etdirilir.

Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır. Bu Mərkəzdə elm sahəsində olduğu kimi, praktiki sahədə də Zərifə xanımın adına layiq böyük işlər həyata keçirilir.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən, böyük alimin Azərbaycan xalqı qarşısında xidmətlərindən söhbət açaraq bildirib ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Onların hər biri qürur, iftixar mənbəyidir. Bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Aprelin 11-də Azərbaycan Prezidentinin Astaraya növbəti səfəri zamanı rayonda bir sıra sosial obyektlərin açılışında iştirak etdiyini, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşünü diqqətə çatdıran F.Əhmədov həmin səfərin nəticəsi olaraq dövlətimizin başçısının Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı Sərəncamı ölkə başçısının astaralılara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Toplantıda çıxış edən tibb işçiləri tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışaraq onun xatirəsinin daim anılacağına, xalqımızın qəlbində əbədi yaşayacağına əminliklərini ifadə ediblər.

Çıxışlarda, həmçinin, Azərbaycanda traxoma xəstəliyinin yayıldığı bir dövrdə akademik Zərifə Əliyevanın cənub bölgəsinə dəfələrlə səfər edərək humanitar aksiyalar təşkil etməsi də minnətdarlıqla xatırlanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə