Gender bərabərliyi aktual problemlər sırasındadır FOTO

Gender bərabərliyi aktual problemlər sırasındadır FOTO

Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə "Həmkarlar İttifaqlarında qadınların rolunun artırılması" mövzusunda Beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov açıb.

Qeyd edib ki, gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkəsində aktual problemlər sırasında durur: "Problemin get-gedə daha ciddi xarakter alması isə sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sisteminin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Hətta Avropada kişi və qadın bərabərliyinin siyasi prioritetə çevrilməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox zəifdir. Qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil və onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir".

Konfransın gedişində Azərbaycanda qadınların əmək bazarında vəziyyəti, qadınların Həmkarlar İttifaqlarında rolu, AHİK-in Qadınlar cəmiyyətinin fəaliyyət proqramı barədə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın və digərlərinin çıxışları dinlənilib.

Daha sonra konfrans iştirakçıları müzakirə olunan sahələrdə Gürcüstanın, Bolqarıstanın, Litvanın, Türkiyənin, Qazaxıstanın iş təcrübəsi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə