"Iteca Caspian" şirkəti 2015-ci ildə ölkə iqtisadiyyatının bir çox sahələrinin əhatə edən 19 ixtisaslaşdırılmış sərgi və 2 konfransın təşkilini planlaşdırır. Şirkətdən SİA-ya verilən xəbərə görə, sərgi mövsümünü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2015"), Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("HOREX Caucasus 2015"), habelə Kater və Yaxtalar ("CİBS 2015") sərgiləri açır. Bu sərgilər aktiv yay turizm mövsümü astanasında ən vacib istiqamət və xidmətləri nümayiş etdirəcək. Daha sonra estafeti nəqliyyat sahəsi üzrə aparıcı tədbir - Nəqliyyat, Tranzit və Loqistika ("TransCaspian 2015") sərgisi və Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2015") sərgisi götürəcək. Bu sərgilər 12-14 may 2015-ci il tarixində təşkil olunacaqdır. Azərbaycanda elan olunan "Kənd Təsərrüfatı İli" ilə əlaqədar olaraq, Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2015") sərgisinə və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro 2015") sərgisinə marağın artması müşahidə olunur. 21-23 may tarixində təşkil olunacaq bu sərgilərdə 250-dən artıq şirkətin iştirakı planlaşdırılır. Həmişəki kimi, regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji ("Caspian Power 2015") sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 22-ci Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil and Gas 2015") sərgi və konfransı çıxış edəcək (2-5 iyun). Qısa fasilədən sonra isə sentyabr ayında payız sərgi mövsümünün açılışı olacaq. Bu mövsümdə bir sıra beynəlxalq sərgilər - 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə ("BIHE 2015"), 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb ("Beauty Azerbaijan 2015"), 9-cu Azərbaycan Beynəlxalq Təhsil ("Education 2015"), 9-cu Azərbaycan Beynəlxalq Karyera ("Career 2015"), 21-ci Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild 2015"), 8-ci Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri ("Aqua-Therm Baku 2015"), 8-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri ("CIPS Caspian 2015"), 6-cı Beynəlxalq Ətraf mühit ("СТЕ 2015") və 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015") sərgiləri təşkil olunacaq. 2014-cü ildə böyük uğur qazanmış Xəzər Beynəlxalq Su texnologiyaları ("CATEC") və Azərbaycan Beynəlxalq Müdafiə ("ADEX") sərgiləri isə əvvəlcədən planlaşdırıldığı kimi 2016-cı ildə təşkil olunacaqdır.
Biznes aləmində etibarlı bələdçi olan ticarət-sənaye sərgiləri yeni tərəfdaşların, habelə satış bazarlarının axtarışı, eləcə də ticarətin coğrafi əhatə dairəsinin genişləndirilməsi baxımından səmərəli vasitə olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın yaradılması və investisiya axınının genişləndirilməsi, o cümlədən həm tərəfdaşlar, həm də hədəf auditoriya ilə münasibətlərin dəstəklənməsi üçün əla imkan yaradır. Məşhur "sərgidə iştirak etməyən bazara da yol tapa bilməz" deyimi hazırda daha da aktuallaşıb. 2015-ci ildə təşkil olunacaq sərgilərin iştirakçıları arasında təmsil etdikləri sahələrin aparıcı şirkətləri – "Azersun Holding", "BP", "Huawei Technologies Investment Co Ltd", "Grow Group", "Matanat A", "RussNeft", "Saipem" və digər şirkətlər yer alır. Bu il keçiriləcək sərgi və konfransların sponsorları qismində "SOCAR", "AZFEN J.V.", "Azeri M-I Drilling", "Baker Hughes", "Bos Shelf", "Caspian Drilling Company", "Caspian Geophysical", "Caspian Marine Services", "Cross Caspian", "Global Energy", "Grand Motors", "Qazax Sement Zavodu", "Inpex", "NB Group", "Schlumberger", "Stadler", "TPAO", "Tekfen Construction", "Total" və başqa şirkətlər çıxış edirlər.
"Iteca Caspian" şirkətinin 2015-ci il üzrə tərəfdaşları arasında "Seaport Catering" iaşə şirkəti (iaşə xidmətləri üzrə rəsmi tərəfdaş), "SafeLife" şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), habelə rəsmi turoperator "Greenwich Travel Club" şirkəti, rəsmi otellər - "Jumeirah Bilgah Beach Hotel Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları, eləcə də "AzExpoMontage" şirkəti (rəsmi montajçı) yer alır.
Ənənəvi olaraq, bu il də bütün sərgilərin keçiriləcəyi yer Bakı Ekspo Mərkəzidir. Həmişəki kimi, eksponentlər və sərgi qonaqlarının rahatlığı üçün bir sıra xidmətlər təklif olunacaq, belə ki, sərgiləri ziyarət etmək arzusunda olanlar üçün xüsusi rahat avtobuslar ayrılacaq. Bu avtobuslar sərgi ziyarətçilərini "Koroğlu" metro-stansiyasında sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz daşıyacaqdır. Həmçinin, sərginin keçirildiyi ərazidə iştirakçılar üçün biznes və mətbuat mərkəzləri, eləcə də kafe və restoran fəaliyyət göstərəcək.
Bu il sərgi ziyarətçiləri üçün ən böyük yenilik "ziyarətçi plastik kartı" olacaq. Bu kartın sahibləri qeydiyyatdan keçmədən (turniket quraşdırılmış ayrıca girişdən keçməklə) sərgi salonuna sərbəst daxil ola biləcəklər. Bundan başqa, həmin plastik karta sahib olan ziyarətçilər təşkilatçılar tərəfindən onlara göstəriləcək əlavə xidmətlərdən - VIP-lounge, biznes mərkəzi, seminarlarda iştirak və sərgidəki digər əlavə tədbirlərdən yararlanacaqlar. Ötən il özünü doğrultmuş "Fast Track" (sürətli qeydiyyat) xidməti vasitəsi ilə ziyarətçilərin "onlayn" qeydiyyatı bu il də davam etdiriləcək. 2014-cü ildə ziyarətçilərin 30%-dən çoxu "Fast Track" xidmətinə üstünlük vermişdir. Cəmi bir neçə dəqiqə çəkən bu proses Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir. Qeyd etmək lazımdır ki, tezliklə "Android" və "iOS" platformalı mobil telefonlara müvafiq proqramları yükləməklə, elektron qaydada qeydiyyatdan keçmək mümkün olacaq. Bütün bu xidmətlər ziyarətçilərə imkan verir ki, sərgidə keçirdikləri vaxtdan maksimum səmərə ilə istifadə etsinlər. Əlavə məlumat almaq üçün www.iteca.az veb-saytına və sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil ola bilərsiniz.
Sərgi ziyarətçilərinin tərkibi və onların uzun illər sərgilərdə davamlı olaraq iştirak etməsi bu sərgilərin keyfiyyət və uğurunun təminatıdır. Sevindirici haldır ki, sərgidə minimal stend sahəsi ilə çıxış edən şirkət növbəti il sərgidə öz yerli tərəfdaşı ilə iştirak edərək stendini daha da genişləndirir. Bütün bunlar ticarət sərgilərində iştirak etməyin səmərəliliyinə dəlalət edir. Müvafiq dövlət strukturlarının dəstəyi isə sərgi və onun təşkilatçıları üçün xüsusi əhəmiyyət kəsb edir və bu da sərgilərin ölkə iqtisadiyyatında oynadığı rolu və tutduğu mövqeyi göstərir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev bir çox sərgini ("AITF", "WorldFood", "Caspian Agro", "Caspian Oil and Gas", "Bakutel", "ADEX") ziyarət etmişdir. Keçirilən tədbirlərin yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılması şirkətlərin xidmət, məhsul və yeniliklərini informasiya aləminə çatdırır ki, bu da öz növbəsində daha çox sayda ziyarətçini cəlb edir.
Sərgi və konfransların təşkilatçısı qismində çıxış edən "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri ümid edirlər ki, 2015-ci sərgi ili də innovasiyalar və ən yeni texnologiyalar aləmi üzrə bələdçi olmaqla yanaşı, dünyanın hər tərəfindən sənayenin aparıcı iştirakçıları ilə görüşməyə kömək edərək onlarla, habelə onların məhsul və xidmətləri ilə tanış olmağa və həmin iştirakçılarla əl sıxıb onların uğurlu tərəfdaşlarından birinə çevrilməyə imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB