Qiymət artımından söhbət gedə bilməz SORĞU

Qiymət artımından söhbət gedə bilməz SORĞU

Ölkədə manatın məzənnəsində baş verən dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb. Manatın kəskin ucuzlaşacağını "proqnozlaşdıran" bəzi işbazlar Mərkəzi Bankın açıqlamasından sonra cəmiyyətdə panika yaratmaq, insanları çaşdırmaq üçün əsl tamaşa göstərməyə başladılar. Amma bazarlarda, iri ticarət mərkəzlərində xüsusilə, ərzaq mallarının kəskin bahalaşdığı xəbərinin doğru olub-olmadığını yerindəcə yoxlamaq üçün Səs TV-nin və SİA-nın əməkdaşları şəhərin müxtəlif yerlərində müşahidələr aparıb, çəkilişlər edib, sorğular keçiriblər. Nəticədə məlim olub ki, bazarlarda qiymətlərin bahalaşması ilə bağlı yayılan məlumatlar şaiyədən başqa bir şey deyil. Sadəcə bəzi işbazların ajiotaj yaratmaq cəhdidir.

Bununla bağlı olaraq şəhərin müxtəlif mağazalarında sorğu keçirdik. Sorğunun nəticəsində aydın oldu ki, şəhərin mağazalarında ümumiyyətlə qiymət artımı olmayıb. Sorğunun nəticələrini oxuculara təqdim edirik:

Tağıverdiyev Kamran: "Bazarda qiymətlər hələlik normaldır. Satışı köhnə qiymətlərlə həyata keçiririk. Heç bir prolem yoxdur və öz işimizi davam etdiririk".

Xareoqrafiya Akademiyasının tələbəsi Ağayev Vüqar isə həmişə alış-veriş etdiyi mağazada qiymətlə bağlı heç bir problem olmadığını qeyd etdi: "Mən özüm tələbəyəm. Hər gün maqazindən alış-veriş edirəm. Dollar/manat nisbətində dəyişiklik olsa da bu hələlik pərakəndə satış mərkəzlərinə təsir etməyib. Əvvəlcə ərzaqları hansı qiymətə alırdıqsa o qiymətə də alırıq. Bu da səbəbsiz deyil, Düşünürəm ki, ərzaq məhsullarının çoxu yerli istehsal olduğu üçün dolların bahalaşmasının buna təsiri olmamalıdır. Xaricdən gələn mallar isə... deyə bilmərəm. Qiymətlər ola bilsin ki, gələcəkdə gətiriləcək mallara şamil edilsin. İndi kim qiyməti qaldırırsa, deməli süni şəkildə qaldırır".

Paytaxtda elektronik məhsullar satışı ilə məşğul olan Müşfiq Nağıyev bildirdi ki, biz məhsullarımızı xaricdən gətiririk: "Məhsulların satışında heç bir qiymət artımı etməmişik. Bu, sadəcə, bəzi işbazların yaratdığı ajiotaj ola bilər. Mən hesab edirəm ki, onlar insanlarda qorxu yaratmaq və əvəzində qazanmaq istəyirlər. Alıcılara demək istəyirəm ki, heç bir qiymət artımı yoxdur və gəlib alış-verişlərini etsinlər".

Ofis ləvazimatları satan Əliyev Nicat isə mikrofonumuza bunları danışdı: "Bu mağazada gördüyünüz kimi dəftərxana mallarıdır. Heç bir qiymət artımından söhbət gedə bilməz. Maqazin dostumundur. Lakin buna baxmayaraq digər müştərilərə də mənə təqdim olunan qiymət söyləndiyini görürəm. Ümumiyyətlə, qiymət artımı barədə sadəcə, danışırlar. Amma kimsə hansı mağazada qiymətlərin artdığını demir. Bu, "panikaya" hesablanmış gedişlərdir. Bununla bağlı heç bir narahatçılığa gərək yoxdur".

Dükan sahibi Əhliman Cəfərov da mağazada qiymət artımının olmadığını dedi: "Marketdə heç bir qiymət artımı yoxdur. Gördüyünüz kimi qiymətləri üzərinə yazılıb. Müştərilərə yazıldığı kimi malları satırıq".

Paytaxtda yerləşən komputer mağazalarının birində satış üzrə mütəxəssis olan Yaşar Ələsgərov isə müştərilərə bunları dedi: "Gördüyünüz kimi bütün malların üzərində qiymətləri yazılıb. 10 gün öncə qiymət necə idisə, indi də elədir. Yəqin siz də komputerlərin qiymətləri ilə əvvəldən maraqlanmısınız. Hay-küyə gərək yoxdur. Buyurub gəlib qiymətləri öz gözləri ilə görə bilərlər".

Sorğudan da aydın olduğu kimi mağazalarda heç bir qiymət artımı olmayıb. Sadəcə bəzi işbazlar ajiotaj yaratmaq, suyu bulandırmaq istəyirlər. Vətəndaşlara isə belə xəbərlərə aldanmamağı tövsiyyə edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə