Rektor: “Mən öz qələmimi silaha dəyişməyə hazıram”

Rektor: “Mən öz qələmimi silaha dəyişməyə hazıram”

Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "Vətənin Çağırışına Hazırlıq" devizi altında altında vətənpərvərlik mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib. Daha sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov qeyd edib ki, bu gün universitet üçün ən önəmli günlərdəndir: "Mən fəxr edirəm ki, bu gün qaniçən ermənilərə hər zaman layiqli cavab verən Azərbaycan ordusunun əsgər və zabit heyəti ilə doğma universitetimizdə görüş keçiririk. Onlar hər zaman vətənin keşiyində duran və xalqımızın, millətimizin firəvan həyat sürməsi üçün canlarından belə keçməyə hazır olan igidlərimizdir. Hər bir Azərbaycanlı gənci o cümlədən də universitetimizin tələbələri bu igidləri örnək götürməli və vətən naminə hər zaman sinələrini sipər etməyə hazır olmalıdırlar. Biz də universitet rəhbərliyi olaraq tələbələrimizə hər zaman vətənpərvər hissləri aşılamaq üçün çalışırıq. Sidq ürəklə deyirəm ki, Ali Baş Komandan cənab İlham Əliyev döyüş əmrini verdiyi andaca mən də rektor olaraq öz qələmimi avtomata dəyişməyə hazıram".

Daha sonra çıxış edən Müdafiə Nazirliyi mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir: "Bu gün Azərbaycan ordusunun hər bir nümayəndəsi yüksək döyüş ruhuna sahibdir və hər an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Hər bir Azərbaycan gənci də vətənpərvər ruhda böyüməli və daim vətənin müdafiəsinə qalxmağa hazır olmalıdır".

Daha sonra tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı üzvləri yenə də öz rəngarəng çıxışı ilə tamaşaçıların rəğbətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə