Mətanət Avazova: “Ermənistan yuxarıdan Kür çayını, aşağıdan Araz çayını çirkləndirir” Müsahibə

Mətanət Avazova: “Ermənistan yuxarıdan Kür çayını, aşağıdan Araz çayını çirkləndirir” Müsahibə

Azərbaycana qonşu ölkələrdən daxil olan çaylarda son günlər çirklənmənin daha da artdığı müşahidə olunur. Belə ki, həm Kür, həm də Araz çayında suyun biogen tərkibinin ağır metallarla çirkləndirildiyi məlumatı yayılmaqdadır. Mövzu ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın SİA-ya verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

- Kür və Araz çaylarının bu günkü ekoloji vəziyyəti nə yerdədir?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmişə olduğu kimi dekabr ayının üçüncü ongünlüyündə də Kür və Araz çaylarında növbəti ekoloji monitorinq həyata keçirib. Əsasən Qazax və Beyləqan laboratoriyaları tərəfindən Araz, Kür və onun transit qollarından sular götürülüb və onların kimyəvi tərkibi analiz edilib. Həmişə olduğu kimi üçüncü ongünlükdə, yəni keçən ilin son on günlüyündə nəticələr ürəkaçan olmayıb. Bəzi çirkləndirici maddələr normadan dəfələrlə yuxarı olub. Burada əsasən biogen maddələr və ağır metallar olub. Biz bunu hər dəfə öz analizlərimizdə müşahidə edirik. Dekabrın üçüncü ongünlüyündə həm Kür çayında, həm də Araz çayında suyun səviyyəsi bir qədər artıq olub. Kürdən saniyədə 130–150 kubmetr su keçib. Arazda isə bu göstərici saniyədə 70–80 kubmetr olub. Amma buna baxmayaraq çirkləndirici maddələrin konsentrasiyasında ciddi dəyişiklik hiss olunmayıb. Bəzi biogen maddələrin, amoniumun, nitratın miqdarı suyun həcmi az olan dövrlə müqayisədə bir qədər çox olub.

- Çayların çirklənməsinə səbəb nədir?

- Kür çayının bilavasitə çirklənməsinə səbəb Gürcüstan ərazisinə Ermənistandan daxil olan Debet çayıdır. Həmin o çayın üzərində böyük metallurgiya sənayesi var. Hazırda tam gücü ilə işləməməsinə baxmayaraq Sovet dönəmindən qalmış tullantılar və tullantı olan torpaqlar var ki, dekabrın son günlərinin yağıntılı keçməsi ilə əlaqədar olaraq bu tullantı ilə çirkləndirilmiş torpağın üst qatı yuyulur. Nəticədə bu tullantı sularının tərkibində yüksək dərəcədə ağır metallar olur. Bu sular daha sonra müxtəlif yollarla çaya axıdılır. Yəni dolayı yolla da olsa Ermənistan yuxarıdan həm Kür çayını, həm də aşağıdan Araz çayını çirkləndirir.

- Bu çirklənmənin qarşısını almaq mümkündürmü?

- Çirklənmənin qarşısını almaq üçün biz beynəlxalq təşkilatlar əməkdaşlıq edirik. Gürcüstan və Ermənistan indiki vəziyyətlərini başa düşərək "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyasına qoşulmurlar. Çünkü bu Konvensiyaya qoşulan hər bir ölkə öz üzərində öhdəlik götürür. Yəni, tranzit olan su hövzəsini həm mühafizə etməlidirlər, həm də ondan rasional istifadə etməlidirlər. Ona görə də onlar bu Konvensiyanın reallığını başa düşərək heç biri qoşulmayıbdır. Gürcüstan təbii ki, bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edir. Hazırda bu Konvensiyaya qoşulmaq fikrinə gəliblər. Ancaq Ermənistanın hələ bu Konvensiyaya qoşulmaq fikri yoxdur və beynəlxalq təşkilatlar da onları yönəldə bilmirlər. Sadəcə bu vəziyyət barədə "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyasına qoşulmuş ölkələrin Avropa İttifaqında hesabatları olur və həm Kür çayının, həm də Araz çayının yüksək dərəcədə çirklənməsi həmin hesabatlarda öz əksini tapır.

- Ölkədə çirkləndirilmiş suların təmizlənməsi ilə bağlı hansı işlər görülür?

- Kür və Araz çaylarının üzərinə hər hansı qurğu yerləşdirərək onları təmizləmək qeyri mümkündür. Sadəcə olaraq həmin sulardan təmizlənmədən istifadə etməməyi sərhədyanı bölgələrdəki insanlara xəbərdarlıq edirik. Lakin 2006-cı ildən etibarən dövlət başçısının sərəncamı ilə həm Kür, həm də Araz çaylarının sahillərində məskunlaşmış kənd əhalisini təmiz içməli su ilə təmin etmək üçün modul tipli təmizləyici qurğulardan istifadə edirik. Bu qurğuların sayı artıq 250–yə çatmışdır. Bu da yarım milyondan çox insanın içməli suya əlinin çatması deməkdir. Bütün bunlar reallıqdır. Bu gün də bu istiqamətdə geniş şaxəli işlərimiz hələ də davam edir. Çünkü artıq bu işlə bağlı ilkin aparılmış statistik hesablamara əsasən Azərbaycanda su hövzələri sahillərində 3 milyona yaxın insanın yaşadığı məlum olmuşdur. Onlar bir başa su obyektlərindən istifadə etdikləri üçün bu layihələr hələ davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə