İtaliyanın "Radio 24" kanalında Azərbaycanda idmanın inkişafı ilə bağlı reportaj yayımlanıb. Reportajda jurnalist Dario Ricci qeyd edir ki, cari ilin oktyabrında Palermoda gərgin idman mübarizəsi şəraitində keçən İtaliya-Azərbaycan futbol matçı idmanın sərhədlərinin genişləndiyini və Şərqə doğru irəlilədiyini göstərdi. Son illərdə bir çox mötəbər yarışa ev sahibliyi edən Bakı artıq mühüm idman şəhərlərindən birinə çevrilib. Belə ki, "Bakı-2015" ilk Avropa Oyunları, "Formula 1" üzrə Avropa Qran-pri yarışları və futbol üzrə "Avro-2020"nin final mərhələsinin matçları kimi beynəlxalq idman tədbirləri bu şəhərdə keçiriləcək.
Jurnalistin suallarına cavab verən AFFA-nın baş katibi Elxan Məmmədov vurğulayıb ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 4 oyunu ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafı üçün böyük imkan yaradacaq. Bakı "Avro-2020"nin final mərhələsinin matçlarına ev sahibliyi edəcək 13 şəhərdən biri olacaq. O deyib: "Azərbaycanda idmanın bütün növlərində, o cümlədən futbolda daha böyük nailiyyətlər əldə etmək üçün böyük işlər görülür".
Reportajda Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da fikirlərinə yer verilib. Azərbaycan-İtaliya əlaqələrindən danışan səfir bu münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan hökuməti gənclər və idman sahələrinin inkişaf etdirilməsi istiqamətində önəmli tədbirlər həyata keçirir.
Reportajda siciliyalı memar, Bakıda inşa olunan Olimpiya Stadionunun tikintisində iştirak edən Angelo Spampinatonun sözləri də yer alıb: "Azərbaycan hökuməti sosial sferaya, özəlliklə də gənclər və idman, mədəniyyət sahələrinə böyük diqqət ayırır". A.Spampinato, həmçinin "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB