Elman Nəsirov: “Qondarma məhkəmə prosesi Paris danışıqlarını pozmağa cəhddir”
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini davam etdirmək üçün oktyabrın 27-də Parisdə görüşəcək. Ermənistan mətbuatı isə bu ilin yayında Kəlbəcərdə girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin elə həmin gün, yəni oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb. Bu proses Qarabağla bağlı danışıqların gedişinə nə cür təsir göstərə bilər?
Məsələ ilə bağlı açıqlama verən politoloq Elman Nəsirov qeyd edib ki, Ermənistan tərəfi danışıqlar prosesini pozmaq, prosesin məzmununu dəyişmək və proses nəticəsində heç bir nəticə əldə edilməməsi üçün müxtəlif üsullara əl atır: "Ən çox geniş yayılmış üsullardan biri danışıqlar ərəfəsində atəşkəs rejimini kobud şəkildə pozmaqdır. Bir çox hallarda hətta hərbi insidentə əl atırlar, yeni üsullar tapırlar".
Politoloq hesab edir ki, oktyabrın 27-də girov götürülmüş azərbaycanlıların məhkəməyə cəlb edilməsi də danışıqlar prosesinə mənfi təsir etmək məqsədi daşıyır: "Hesab edirəm ki, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi nəticəsində baş tutacaq danışıqların nəticələrinə təsir göstərmək, hər hansı pozitiv irəliləyişə əngəl olmaq üçün ermənilər məhz həmin gün girov götürülmüş azərbaycanlılar üçün qondarma məhkəmə keçirmək istəyirlər. Bununla da, əvvəlcədən danışıqlara mənfi təsir göstərmək və danışıqların predmetini dəyişmək istəyirlər. Əgər Azərbaycan tərəfi böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirmək və indiyə qədər razılaşdırılmış məqamları böyük sülh sazişində qabartmaq istəyirsə, Ermənistan tərəfi çalışır ki, belə məqamlarda danışıqlar prosesini pozsun, gündəlikdə başqa məsələlər müzakirə edilsin".
E. Nəsirov bildirib ki, təəssüf ki, Ermənistanın belə pozucu hərəkətlərinə ATƏT-in Minsk qrupu göz yumur: "Minsk qrupu gərək fərqində olsun ki, belə yanaşmalar danışıqlar prosesinə son dərəcə mənfi təsir göstərir. Qondarma məhkəmə prosesi Paris danışıqlarının nəticələri haqqında pozitiv fikirlər bildirməyə mane olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB