Lənkəranda “Hər şey qələbə üçün” kitab-albomun təqdimati keçirilib
Oktyabrın 15-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun rəhbərliyi ilə çap olunan "Hər şey qələbə üçün" kitab-albomun təqdimat mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, kitab-albom "Biz qələbə gününü görəcəyik" giriş sözü ilə açılır. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Silahlı Qüvvələr və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi haqqında sözləri dərc olunub. Kitabda ulu öndər Heydər Əliyevin müharibə veteranları və hərbçilərlə görüşlərini, 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını, Azərbaycanda ordu quruculuğunu, Azərbaycanın Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş tədbiri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbçilərlə görüşlərini əks etdirən fotolar, "Güclü dövlətimiz, güclü ordumuz", "Prezident kimi mənim fəaliyyətimin əsas prioriteti ordu quruculuğu məsələsidir", "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan ordusu haqqında", Xidmətin rəisi Arzu Rəhimovun "Məqsədimiz səfərbərlik və çağırış resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır" başlığı altında məqalələr dərc olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, hərbçilər və KİV nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açıb.
Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi, polkovnik Əqid Bayroyevə verilib. O, kitab-albomun məziyyətləri haqqında danışıb.
Lənkəran ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev geniş məruzə edib. Məruzədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızda hərbi məktəblərin və silahlı qüvvələrin formalaşmasında oynadığı misilsiz xidmətlərdən, 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından, ordu quruculuğundan, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və s. məsələlərdən ətraflı məlumat verilib.
Müzakirələr zamanı Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva və Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev çıxış edərək mülahizələrini söyləib, arzu və təkliflərini bildiriblər.
Mərasimi yekunlaşdıran İ.Rəhimov "Hər şey qələbə üçün" kitab-albomun əhəmiyyətindən söz açıb, onun gənclərin hərbi vətənpərvərlik tərbiyəsində oynayacağı mühüm rolu qeyd edib.
Kitabın buraxılışına məsul polkovnik Zaur Abdullayev, layihənin müəllifi və tərtibçi-redaktoru polkovnik Abdulla Qurbanidir.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB