Azərbaycanın dövlət sərhədləri etibarlı mühafizə olunur

Azərbaycanın dövlət sərhədləri etibarlı mühafizə olunur

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 39 nəfər saxlanılıb. Onların 23-ü Azərbaycan, 3-ü İran, 2-si Moldova, ikisi Türkiyə, ikisi Ukrayna, 2-si Qazaxıstan, ikisi Pakistan, biri Qırğızıstan vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunub.

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

2014-cü il avqustun 11-də Astara şəhərinin ərazisindəki zastavanın xidməti sahəsindən 100 qram heroin, həmin ayın 14-də Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki zastavanın xidməti sahəsində meşə zolağında ağacın dibində basdırılmış 3 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Bundan başqa, avqustun 20-də "Göytəpə" Sərhəd Dəstəsinin "Kürünc" sərhəd zastavasının xidməti ərazisində bir qrup İran İslam Respublikası vətəndaşı Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq narkotik vasitələrin keçirilməsinə cəhd göstərib, sərhəd naryadı tərəfindən onların saxlanılması üçün müvafiq tədbirlər görülüb. Sərhəd pozucuları üzərilərindəki əşyaları ataraq ərazinin mürəkkəb relyefindən istifadə etməklə geriyə-İran ərazisinə qaçmağa müvəffəq olublar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində 1 ədəd "AKMS" markalı avtomat, 60 ədəd 7,62 millimetrlik kalibrli patronla dolu 2 daraq, 1 "Bereta" markalı ov tüfəngi, 4 patron, bir elektron tərəzi, 20 kiloqram həşiş qətranı və 4,5 kiloqram "kokos" tipli narkotik vasitə aşkar olunaraq götürülüb.

Hadisədən sonra qarşılıqlı əlaqələr və əməkdaşlıq çərçivəsində İran sərhəd polisinin aidiyyəti qurumunun nümayəndələri ilə görüş keçirilib, həmin cinayəti törətmiş narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında məlumat mübadiləsi aparılıb. İran İslam Respublikasının sərhəd polisinin keçirdiyi tədbirlər nəticəsində qısa müddət ərzində qrupun İran vətəndaşlarından ibarət iki üzvü müəyyənləşdirilərək həbs edilib.

Dörd halda "Biləsuvar" sərhəd nəzarət məntəqəsində İrandan Azərbaycana keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 7 kiloqram 558 qram, 7 halda "Astara" sərhəd nəzarət məntəqəsində 443 qram, "Balakən" sərhəd nəzarət məntəqəsində Gürcüstandan ölkəmizə keçmiş Azərbaycan vətəndaşından 921 qram və "Şıxlı" sərhəd nəzarət məntəqəsindən Azərbaycandan Gürcüstana keçərkən Türkiyə vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilin qoşqusunun taxta döşəməsinin altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 116 ədəd polietilen bağlamada ümumi çəkisi 72 kiloqram 900 qram olan narkotik vasitə aşkar olunaraq götürülüb.

Bundan əlavə, avqustun 27-də "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycan istiqamətində hərəkət edən İran vətəndaşı, 1971-ci il təvəllüdlü İranxan Siyavuş Heydər oğlunun idarə etdiyi 73B575-10 dövlət nömrə nişanlı "Peugeot" markalı minik avtomaşınına gömrük orqanları ilə birgə baxış keçirilən zaman avtomaşının qapılarının içərisində gizli saxlanc yerindən 4 kiloqram 920 qram tiryək aşkarlanıb.

Astara, Şəki, Balakən və Ağstafa rayonlarının ərazilərində 2,5 hektar sahədən ümumi çəkisi 4 ton olan yabanı halda bitmiş çətənə kolu yığılaraq müvafiq qaydada yandırılıb.

Avqustun 25-də "Göytəpə" Sərhəd Dəstəsinin "Bayxanlı" sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qanunsuz keçirilməsi məqsədilə gizlədilmiş, ümumi sayı 130 ədəd olan 0,7 litrlik şüşələrdə qablaşdırılmış "Qranit" markalı araq məhsulları aşkar olunub.

Qeyd olunan bütün faktlarla bağlı aidiyyəti üzrə qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə, ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 55 halda ümumi dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal, o cümlədən 1 avtomat, 60 ədəd 7,62 millimetrlik kalibrli patronla dolu 2 ədəd daraq, 2 ov tüfəngi, 3 pnevmatik tapança, 78 ədəd müxtəlif ölçülü güllə, 5 bıçaq, 58 ədəd müxtəlif markalı mobil telefon, 239 ədəd müxtəlif ölçülü və markalı spirtli içki, 4328 qutu müxtəlif markalı siqaret, 4 qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə