Cəbhəyanı kəndlərdə vəziyyət nə yerdədir?

Cəbhəyanı kəndlərdə vəziyyət nə yerdədir?

Tərtər rayon rəhbərliyinin əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə cəbhə xəttində yerləşən Hüsənli kəndində sakinlərlə görüşü keçirilib. Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin, xüsusən də təmas xəttində yerləşən kəndlərdə sakinlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Hüsənli kəndinin yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir.

Görüşdə kənd sakinlərindən Sabir Zeynalov, Mirzə Mirzəyev, Nurəddin Mirzəyev, Ziyəddin Qəhrəmanov, Zəminə Hüseynova və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən (köhnəlmiş elektrik naqillərinin və dirəklərinin yenisi ilə əvəz olunması, həyətyanı torpaq sahəsinin ayrılmasına kömək edilməsi və sair) söz açıb, arzu və təkliflərini bildiriblər.

Görüşdə cari məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, cəbhəyanı kəndlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə