“Ölkəmizi tanıyaq” layihəsinin qubalı iştirakçıları

“Ölkəmizi tanıyaq” layihəsinin qubalı iştirakçıları

Ölkə başçısının tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, dərindən öyrənilməsi məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri təşkil olunub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə,İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən qubalı məktəblilər səyahətlərini başa vurub, evlərinə qayıdıblar.

Layihəsi çərçivəsində dörd gün müddətində davam edən tur-aksiyada Qubanın müxtəlif məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird İsmayıllı, Şəki və Qəbələ rayonlarının qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerlərini ziyarət edib.

Şagirdlərin səfərdən xoş təəssüratlarla qayıtdığını bildirən qrup rəhbəri Mehparə Rüstəmova möhtəşəm tur-aksiyanın təşkilinə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, sentyabrın 6-dək keçiriləcək ekskursiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2500-ə yaxın şagird iştirak edəcək. Turun ikinci və üçüncü mərhələsinin isə müvafiq olaraq 2014-cü ilin noyabr və 2015-ci ilin mart aylarında təşkil olunması nəzərdə tutulub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə