Səfirimiz CAR-da cəbhə xəttindəki gərginlik barədə məlumat verib

Səfirimiz CAR-da cəbhə xəttindəki gərginlik barədə məlumat verib

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətinin İst London (East London) şəhərində işgüzar səfərdə olub. Səfirlikdən bildirilib ki, səfər çərçivəsində E.Poluxov beynəlxalq "Rotary Club" təşkilatının dəstəyi ilə yerli iş adamları ilə görüşüb, "Mersedes-Benz" şirkətinə məxsus zavodun işi ilə tanış olub.

Eyni zamanda E.Poluxov CAR-ın aparıcı beyin mərkəzi olan "Cənubi Afrika Beynəlxalq Əlaqələr İnstitutunun" təşkilatçılığı ilə keçirilən və ölkəmizə həsr edilmiş seminarda institutun üzvləri, yerli iş adamları və dövlət rəsmiləri qarşısında "Cənubi Qafqazda stabillik və Azərbaycan-Cənubi Afrika münasibətləri" mövzusunda məruzə ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Cənubi Afrika Beynəlxalq Əlaqələr İnstitutunun İst London şöbəsinin rəhbəri Conatan Şevitz Azərbaycanın beynəlxalq aləmdə artıq özünü iqtisadi və siyasi baxımdan tanıtmış ölkə olduğunu qeyd edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Səfir E.Poluxov çıxışında son günlər münaqişə zonasında yer alan gərginlik, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatı və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi barəsində tədbir iştirakçılarına məlumat verib. O, Ermənistanın işğalçı və aqressiv siyasətinin beynəlxalq norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycanda hər sahədə sürətlə gedən inkişaf prosesi, ölkə rəhbərliyinin bu istiqamətdə apardığı uğurlu siyasət və CAR ilə Azərbaycan arasında möhkəmlənən siyasi və iqtisadi əlaqələrin potensialı barədə söz açılıb.

Təbdir çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri və digər materiallardan ibarət guşə təşkil edilib, məlumat kitabçaları paylanıb, beyin mərkəzinin kitabxanasına kitablar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə