Yaponiyada Azərbaycana həsr edilən veriliş yayımlanıb

Yaponiyada Azərbaycana həsr edilən veriliş yayımlanıb

Yaponiyanın "World Investers TV" internet televiziyasında Azərbaycana həsr edilən növbəti veriliş yayımlanıb.

SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, verilişdə tanınmış iqtisadçı ekspert, "World Investers TV" internet televiziyasının prodüseri Kazuyasu İşida və Azərbaycanın Yaponiyadakı səfirliyinin üçüncü katibi, konsul Fuad Bağırov ölkəmizin coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumat veriblər.

Kazuyasu İşidanın rəhbərliyi ilə 25 nəfərdən ibarət yapon iş adamının ölkəmizə səfərinin nəticələrinə dair fikir mübadiləsinin aparıldığı proqramın qonaqları Azərbaycanda baş verən inkişafı heyranlıqla müşahidə etdiklərini bildiriblər.

Verilişdə Azərbaycanın dövlət quruculuğu prosesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xüsusi rolu vurğulanıb, Ulu Öndərin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Ölkəmizin coğrafi mövqeyi haqqında danışan iştirakçılar Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından söhbət açmışlar. Həmçinin yapon tamaşaçılara Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumat verilib.

Verilişdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin hərtərəfli inkişaf etdiyi, iki ölkə arasında sıx dostluq münasibətlərinin qardaşlaşmış şəhərlər səviyyəsinə qalxdığı vurğulanıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük layihələrin həyata keçirildiyinin vurğulandığı verilişdə, ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğu qeyd edilib.

Proqramda iqtisadiyyatın neft və təbii qaz sektorunun asılılığından azad olması istiqamətində ölkəmizdə məqsədyönlü iş aparıldığı, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi, icrasına başlanılmış irimiqyaslı "Ağ Şəhər" və "Xəzər adaları" layihələri barədə ətraflı məlumat verilib. Son illər yapon turistlərinin Azərbaycana axınının artmasının müşahidə edildiyi vurğulanmış, ölkəmizin geosiyasi mövqeyi, mədəniyyəti və əsrarəngiz təbiəti barədə söhbət açılıb. İki ölkə arasında enerji və təbii sərvətlər, informasiya texnologiyaları, alternativ və bərpa olunan enerji mənbələri, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycanın Yaponiyadakı səfirliyinin həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətlərindən olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə