Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında" 2014-cü il 2 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Qazax rayonunda gənclərin təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Tədbirdə mədəniyyət və təhsil işçiləri, gənclər, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, əmək və müharibə veteranları, valideynlər və Qazax Cümə məscidinin imamı iştirak etmişlər.
Heydər Əliyev adına parkda təşkil olunmuş mərasimdə tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində gənc çağırışçılara Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Vüqar Mirzəyev açaraq gəncləri həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik etmiş, onlara Vətənin keşiyində ayıq-sayıq durmağı arzulamışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, hazırda ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən güclü, nizami ordularından biri yaradılmışdır. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur. Bu silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.
Mərasimdə qeyd olunmuşdur ki, xalqımız Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində Vətənin igid oğullarına, bizim bu gün fəxrlə həqiqi hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyir. Torpaqlarımızın işğaldan azad olunması onların ordu sıralarında Vətənə sədaqətlə xidmət etmələrindən çox asılıdır.
Çıxış edənlər həqiqi hərbi xidmətə yola salınan gənclərə öz tövsiyə və məsləhətlərini vermiş, onlara ordu sıralarında nümunəvi xidmət arzulamışlar.
Sonra gənclər şən musiqi sədaları altında rəqs etmişlər.
Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar Azərbaycan bayrağını öpərək müqəddəs Qurani-Kərimin altından keçmiş və hərbi xidmətə yola düşmüşlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB