"Bakı Taksi" MMC-nin direktoru: "London taksiləri"ndə yeni avadanlıqlar quraşdırılır
" "Bakı Taksi" MMC "London Taksi"lərində qiymətlərə yenidən baxır. Qiymətlər yuxarı qalxmayacaq, əksinə daha münasib olacaq. Qiymətlərin əhali üçün daha da məqsədə uyğun olması nəzərdən keçirilir. Hazırda müştəri taksiyə minərkən 1 manat, gözləyərkən isə 5 qəpik yazılır. Bunların əsasında dəyişiklik həyata keçiriləcək". Bunu SİA-ya açıqlamasında "Bakı Taksi" MMC-nin direktoru Səid Hüseynov deyib.
Səid Hüseynov həmçinin vurğulayıb ki, "Bakı Taksi" MMC yeni "London Taksi"lərinin alınması planını yeniləyib: "Bakıya əlavə yeni taksilərin gətirilməsi məsələsinə baxılır. Yeni gətirilən maşınlar həm sərnişinlər, həm də sürücülər üçün rahat olacaq. Onu da qeyd edim ki, "Bakı Taksi" MMC-də 150-yə yaxın işçi çalışır".
Taksilərdə quraşdırılacaq yeni avadanlıq barədə məlumat verən şirkət direktoru əlavə edib ki, nəqliyyat vasitəsində yeriməkdə və eşitməkdə çətinlik çəkən insanlar üçün hər cür şərait yaradılıb. Bundan başqa, yaxın gələcəkdə 500-ə yaxın maşın gətirilərkən orada daha hansı avadanlıqların quraşdırılması geniş müzakirə olunacaq. Hazırda Bakı və Abşeron rayonunda 1000 ədəd taksi fəaliyyət göstərir. Bununla bağlı həm dövlət, həm də özəl qurumlarla ikitərəfli sazişlər imzalanır. Odur ki, qısa zaman ərzində bu istiqamətdə lazım olan bütün işlər həyata keçiriləcək".
Bununla yanaşı, taksilərdə "custom servis" xidmətinin də fəaliyyət göstərdiyini vurğulan sədr bildirib ki, müştəri ilə sürücü arasındakı ünsiyyət minimum səviyyəyə düşəcək: "Güman edirik ki, Bakı I Avropa Oyunlarına qədər bütün tapşırıqları lazımı şəkildə yerinə yetirəcəyik. Hazırda işlərin 60 %-i görülüb. 2 ay ərzində isə yerdə qalan 40 % işlər həll olunacaq".
"Həm sürücü, həm də avtomobillər baxımından Avropa standartlarına cavab verməyi qarşımıza məqsəd qoymuşuq. Bildiyiniz kimi, Azərbaycanda bu avtomobillər sırf taksi xidməti göstərir. Həmin nəqliyyatda da lazım olan bütün texniki avadanlıqlar yerləşdirilib. İşləri daha da təkmilləşdirmək, eyni zamanda sürücülərə treninqlər keçmək üçün beynəlxalq mütəxəssislər Bakıya dəvət olunub. Taksilərə post-terminallar quraşdırılıb və bunun vasitəsi ilə məxaric edib-etməmək mümkün olacaq"- deyə, o fikirlərinə əlavə edib.
Sədr həmçinin işəgötürülən zaman işçilərin qarşısında hansı öhdəliklərin olduğundan da bəhs edib. O bildirib ki, sürücülər london taksilərinin standartlarına cavab verən şərtlərə əməl edə bilməlidir: "Sürücü müştərilərlə daim təmasda olduğuna görə, üzü hər zaman təmiz olmalıdır. Müqavilə imzalayanda nəzərdə tutulan standartlarda 20-dən çox bənd var. Ən əsas amil geyim və gigiyena baxımından təmiz olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə