Səlim Müslümov: "İnsanlar mentalitetlə bağlı torpaqları satmaq istəmirlər"

Səlim Müslümov: "İnsanlar mentalitetlə bağlı torpaqları satmaq istəmirlər"

"Normal torpaq bazarı olan yerdə torpaqların becərilməsi üçün hazırda kənd təsərrüfatı sahələrində islahatlara start verilib. Hesab edirəm ki, həmin torpaqların hamısı yaxın vaxtlarda becərilməyə başlanacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, belə olduğu təqdirdə kənd yerlərində müəyyən qədər gənclər arasında işsizlik səviyyəsi də aşağı düşəcək: "Eyni zamanda kənd yerlərindən şəhərə üz tutanların da şəhərdə və şəhər ətraflarında işlə təmin olunması problemi gündəmdədir".

O həmçinin qeyd edib ki, kənd yerlərində gənclər arasında işsizlik məsələsi də əsas problem olaraq qalır. Onun sözlərinə görə, Azərbaycanda 1998-ci ildə torpaqların özəlləşdirilməsi ilə normal torpaq bazarı formalaşdırılıb: "İnkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin 50 faizə qədəri məhz kəndlərdə yaşayır. Urbanizasiya prosesləri hələ başa çatmayıb. Lakin bu proseslərin gec-tez başa çatması təbiidir. Müəyyən mentalitetlə bağlı insanlar onlara verilən torpaq sahələrini hələlik satmaq istəmirlər. Amma həmin torpaqları da becərmirlər. Torpaq sahələri də onların olduğu üçün ailə üzvləri neçə yaşında olmasından asılı olmayaraq işləyən kimi qeydiyyata alınır. Həqiqətdə isə mövcud problemlər hələ də qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə