Ali Məhkəmənin sədri Ramiz Rzayevin, həmçinin Rafiq Novruzovun və Könül Əliyevanın hazırladıqları iki cildlik "Rusca-azərbaycanca izahlı hüquq lüğəti" çapdan çıxıb. SİA-nın xəbərinə görə, lüğətin redaksiya heyətində təcrübəli hüquqşünaslar və dilçi-alimlər təmsil olunurlar.
"Rusca-azərbaycanca izahlı hüquq lüğəti" əvvəllər çap olunan lüğətlərdən mükəmməlliyinə və əhatə dairəsinin genişliyinə görə fərqlənir. Əvvəlki iki lüğət (Bakı, "Nurlar", 2012, 416 səh. və Bakı, "Nurlar", 2012, 480 səh.) 18 minə qədər söz və terminoloji söz birləşmələrini əhatə edirdisə, bu iki cildlik lüğət müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini əhatə edən 33 mindən artıq söz və söz birləşmələrindən ibarətdir. Yeni lüğətin üstün cəhətlərindən biri də həmçinin təhsil, iqtisadiyyat, maliyyə, birja, sığorta, xarici ticarət və hərbi termin və anlayışları əhatə etməsidir. Lüğətdə Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı dünya hüquq sistemində istifadə olunan termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və yeni alınma sözlər öz əksini tapıb.
Hər iki lüğətdə verilən hüquq terminlərinin mənaları rus dilində tam şəkildə açılır və tərcümə ilə yanaşı onların hər iki dildə – Azərbaycan və rus dillərində izahı verilir. İzahı verilən sözlər sırasına əsasən, alınma və beynəlxalq terminlər daxildir. Lüğətlərdə izah olunan əsas terminlərlə bərabər törəmə terminlərə və baş sözlərin içərisində terminoloji xarakter daşıyan söz birləşmələrinə də geniş yer verilib. Tərtibçilər tərəfindən baş sözün yanındakı birləşmələr əlifba sırası ilə verildiyindən lazım olan hər hansı termini və ya söz birləşməsini asanlıqla tapmaq mümkündür. Terminlərin mənalandırılmasında sinonimlərdən geniş istifadə olunması çoxmənalı sözlərin dürüst qavranılmasına kömək edir.
Lüğətin müsbət cəhətlərindən biri də burada hüquqi xarakter daşıyan söz və ifadələrlə yanaşı, işgüzar məktubların, şikayətlərin, ərizələrin tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilməsidir. Bu isə, qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əhatə edən söz və söz birləşmələrinin lüğətdə öz əksini dolğun tapmasını şərtləndirib.
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, qloballaşma və inteqrasiyanın geniş vüsət aldığı, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun getdiyi bir dövrdə bu kimi nəşrlərin çap olunması insan hüquqlarının qorunması, hüquqi biliklərin təbliği və hüquqi maarifləndirmə sahəsində mütərəqqi və müsbət hadisə kimi dəyərləndirilməlidir. Ona görə ki, hüquqi maarifləndirmə və bu sahədə informasiya təminatı işinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu günlərdə "Rusca-azərbaycanca izahlı hüquq lüğəti"nin I cildi oxucuların ixtiyarına verilib. Lüğətin I cildinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində işıq üzü görməsi təsadüfi deyil. Kitab onu hazırlayanlar tərəfindən ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində hüquqi maarifləndirmə işinə yeni töhfə olaraq hazırlanıb. I cild A-Н hərfləri ilə başlanan söz və söz birləşmələrini əhatə edir. Qeyd edək ki, O-Я hərfləri ilə başlanan söz və söz birləşmələrinin hüquqi izahını özündə birləşdirən "Rusca-azərbaycanca izahlı hüquq lüğəti"nin II cildi isə nəşriyyatdadır və çapa hazırlanır.
"Rusca-azərbaycanca izahlı hüquq lüğəti"nin I cildi elmi və kütləvi üslubun tələblərinə tam cavab verir. Buna görə bu lüğətdən hüquqşünaslar, hüquq mühafizə orqanlarının əməkdaşları ilə bərabər iqtisadi strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələriin müəllim, professor və tələbə heyəti, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB