Mayın 1-də Bakının Nizami rayonundakı Heydər Bağı – Park- Bulvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gül bayramı təşkil edilib.
Bayram mərasimində rayonun 25 orta ümumtəhsil məktəbi, 22 məktəbəqədər təhsil müəssisəsi, "Qayğı" reabilitasiya mərkəzi, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, "European Tobacco Baku" Açıq Səhmdar Cəmiyyəti, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "New Sphera LTD" MMC və digər idarə, müəssisə və təşkilatlar müxtəlif güllərdən hazırlanmış stendlər nümayiş etdiriblər.
Əvvəlcə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri musiqi sədaları altında tədbir iştirakçıları salamlayıblar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov idarə və təşkilatların, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları sənətkarlıq nümunələri, gül-çiçəklər və əl işləri ilə bəzədilmiş stendlərlə tanış olub.
Xüsusi görkəm almış parkda güllərdən hazırlanmış müxtəlif mənzərələr, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər də yer alıb.
Kompozisiyalar arasında tarixi abidələrimiz, Azərbaycanın xəritəsi, öz gözəlliyi ilə Bakımıza yaraşıq verən Milli Gimnastika Arenası və rayondakı digər idman komplekslərinin güllərdən hazırlanmış maketləri iştirakçılarda böyük maraq doğurub.
Parkda, həmçinin rəngarəng dibçək güllərindən, qurudulmuş gül və bitki kollarından, yarpaqlardan ibarət göz oxşayan eksponatlar da qurulub.
Bayram tədbirinə qoşulan kollektivlər ən yaxşı gül-çiçək kompozisiyası, ən yaxşı dekorativ gül rəsmi, ən yaxşı tətbiqi sənət nümunəsi, ən yaxşı gül geyimi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri isə asfalt üzərində ən yaxşı gül rəsmləri nominasiyalarında iştirak ediblər. Həmçinin Heydər Bağı – Park- Bulvarın dərnək üzvlərinin gülə aid rəsm işləri də nümayiş olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin və Nizami Rayon İcra Hakimiyyətinin qiymətləndirmə komissiyasının üzvləri parkdakı eksponatlarla tanış olublar. Komissiya tərəfindən bəyənilən əl işləri Bakının rayonları arasında müxtəlif nominasiyalar üzrə keçiriləcək müsabiqəyə təqdim olunacaq.
Bayram mərasimində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Flora Qasımova, rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli liderinin adını daşıyan parkda gül bayramının təşkil olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də rayon sakinlərinin xoş istirahətinin təşkili baxımından da gözəl addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB