Azərbaycan səfirliyi Misirin Qalubiyyə vilayətinin Bənha şəhərində kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Azərbaycan Respublikasının Misirdəki səfirliyi və Qalubiyyə vilayətinin qubernatorluğu Azərbaycanın Abşeron rayonu ilə Misirin Qalubiyyə vilayəti arasında qardaşlaşma əlaqələri çərçivəsində Bənha şəhərində kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
Azərbaycan səfiri Şahin Abdullayev tədbirdə çıxış edərək ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın xalqımızın təfəkküründə dərin köklərə malik olduğunu bildirib, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərinə xüsusi diqqət və qayğı göstərildiyi barədə məlumat verib.
Səfir, həmçinin hər iki ölkədə eksperimental məktəbin uğurla fəaliyyət göstərdiyi, Heydər Əliyev Fondunun Misirdəki Mehriban Əliyeva adına məktəbə xüsusi diqqət yetirdiyi barədə məlumat verib, bunun iki ölkə arasındakı münasibətlərə yaxşı təsir göstərdiyini qeyd etmiş, gələcəkdə təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müəyyən addımların atılmasının mümkün olduğunu bildirib.
Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir qardaşlaşma çərçivəsində belə bir xeyriyyə aksiyasının keçirilməsinə görə Azərbaycanın Misirdəki səfirliyinə təşəkkürünü bildirib və Abşeron rayonu ilə Qalubiyyə vilayəti arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini, yeni imkanların yaradılacağını qeyd edib və Azərbaycanın çətin bir vaxtda dost Misirin yanında olmasından məmnunluğunu vurğulayıb.
Xeyriyyə aksiyası çərçivəsində 200-dən çox kimsəsiz uşağa hədiyyə təqdim olunub və uşaqlar üçün xüsusi nahar süfrəsi və əyləncəli musiqi proqramı təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB