“Sərhədsiz reportyorlar” təşkilatının arxasında ermənipərəst qüvvələr dayanır” AÇIQLAMA
"Sərhədsiz reportyorlar" təşkilatı 2014-cü il üzrə dünya ölkələrində mətbuat azadlıqlarının indeksini açıqlayıb. İndeksə əsasən, Azərbaycan 180 ölkə arasında ötən illə müqayisədə geriləyərək (156) 160-cı yerdə qərarlaşıb. SİA məsələ ilə bağlı media kapitanlarının fikrini öyrənib.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz: "Sərhədsiz reportyorlar" təşkilatının bu cədvəli sifariş əsasında hazırlanan cədvəldir. Araşdırsaq görərik ki, həmin təşkilatların arxasında bizi sevməyən qüvvələr dayanır. Bundan əlavə, bu cür təşkilatların ölkəmizdə xüsusi nümayəndələri olur və onlar ölkəmizə həmin nümayəndələr vasitəsilə təsir etməyə çalışırlar. Cədvəl də onlara pul ayıran təşkilatın istəyinə uyğun olaraq qurulur. Nəticə etibarı ilə siyasi məqsədlər əsasında hazırlanan indeksdə Azərbaycan son yerlərdə qərarlaşır. Guya Azərbaycanda mətbuat azadlığının vəziyyəti onların indekslərindəki kimidir. Təbii ki, bu cədvəl heç bir əsasa uyğun olmayaraq hazırlanır. Onlara pul ayıran təşkilatlar hansı ölkəni neçənci yerdə görmək istəyirsə, onu həmin yerdə qərarlaşdırır. Bütün bunlar bir qrupun işidir və həmin qrup bu addımla ölkəmizdən nəsə əldə etməyə çalışır və ya istədiyini almadığı üçün bur cür yollara əl atır. Təəssüf ki, maddi-marağı hər şeydən üstün tutan bu cür təşkilatlar var və onlar maddiyatı hər şeydən üstün tutur və bunun naminə çirkin yollara əl atırlar. Bu cür təşkilatları çıxmaq şərtilə hər kəs bilir ki, Azərbaycanda mətbuat azadlığı var və media nümayəndələrinə göstərilən diqqət bir çox ölkələrdən də üstündür. Eyni zamanda, ölkəmizdə jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. İstənilən yazar öz fikirlərini azad şəkildə bildirmək hüququna malikdir. Bu cür cılız təşkilatların fikirləri Azərbaycanda heç bir təsir gücünə malik deyil. Onlar ürək bulantısı yaratmaqdan başqa heç nəyə yaramırlar".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Əslində bu təşkilat "Sərhədsiz repartyorlar" yox, "Sərhədli reportyorlar" təşkilatıdır. Onun sərhədləri ayrı-ayrı xarici güclərin maraqları ilə müəyyənləşdirilir. Bu baxımdan, təşkilat tərəfindən açıqlanan reytinqin heç bir əsası yoxdur. Son dövrlər Azərbaycanda mətbuata verilən dəstək dünyanın heç bir yerində verilməyib. Ölkəmizdə mövqeyindən, baxışlarından asılı olmayaraq, bütün KİV- lər maliyyələşdirilir. Bunun müqabilində isə onlardan hər hansı bir mövqe sərgiləmək belə tələb olunmur. Ölkəmizdə bütün media qurumlarına eyni münasibət göstərilir və jurnalistlər üçün heç bir ölkədə olmayan bir addım atılır. Belə ki, ölkəmizdə media nümayəndələri üçün mənzil tikilir. Bütövlükdə götürsək, bu gün Azərbaycanda internet media digər ölkələrdən fərqli olaraq daha sürətlə inkişaf edir. Bütün bunları nəzərə alsaq, təşkilatın reytinqinin cəfəngiyatdan ibarət olduğunu görmək çətin deyil. Əslində bu məqsədyönlü bir siyasətdir. Hansı dövlət ki, müstəqil siyasət yürüdür, öz xalqının maraqlarını ifadə edir, ona qarşı bu cür haqsızlıq edildiyinin hər zaman şahidi olmuşuq. Təəssüf ki, bu hallar bugünkü dünyanın reallıqlarından biridir. Araşdırsaq, belə təşkilatların bir çoxunun arxasında birbaşa ermənilərin özləri olmasa da, onların diasporasına yaxın qüvvələrin iştirak etdiyini görərik. Bu, ardıcıl siyasətdir. İndiyə qədər bir neçə beynəlxalq təşkilat məhz Azərbaycana qarşı qərəzli siyasət yürütmək üzrə formalaşıblar. Onlar işlərini bir kənara qoyub, Azərbaycan haqqında məlumat yaymaqla məşğuldurlar. Ölkəmizin inkişafı bir çox beynəlxalq gücləri qıcıqlandırır və onlar da bu təşkilatlar vasitəsilə ölkəmizə təzyiq etmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB