Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, zabitlər və KİV iştirak edib.
Açılış mərasimində çıxış edən Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sürətli inkişaf öz istiqamətini alıb: "Biz bu binanın inşa edilib istifadəyə verilməsində zəhməti olan və burada çalışan bütün işçilərə minnətdarlığımızı bildiririk.Təbii ki, bu işlərin hər biri ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılıb. Arzu edirəm ki, bu kimi binalar Azərbaycanın bütün rayonlarında da inşa olunsun".
Daha sonra SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək deyib ki, SHÇDX artıq 2 ildir Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yaradılıb. Diqqətə çatdırılıb ki, sabah xidmət yaranmasının 2-ci ildönümünü qeyd edəcək: "Bildiyiniz kimi biz ötən gün çağırışçıların hərbi xidmətə daşınması üçün alınmış 30 ədəd avtobusa baxış keçirdik. İstər dünən, istər bu gün, istərsə də sabah keçiriləcək tədbirlər günü münasibətilə hər birinizi təbrik edir və uğurlar arzu edirəm. SHDÇX yaranan ilk gündən başlayaraq çalışmışıq ki, xidmətin nüfuzu yüksək və adı təmiz olsun. Beləcə, xidmət onun qarşısında dayanan tapşırıqları lazımi səviyyədə yerinə yetirsin. SHDÇX-nin qarşısında çox ciddi və böyük tapşırıqlar durur. Bu tapşırıqları səfərbərlik xidməti əməkdaşlarının hər biri başa düşür. Düşünürəm ki, hər birimiz səy və bacarığımızı əsirgəməyəcəyik ki, Ali Baş Komandanın tapşırığını yerinə yetirək. Xidmətin iki illik fəaliyyəti haqqında çox danışmaq olar. Artıq bu kimi binaların Bakı şəhərinin Nizami rayonunda, Qəbələ şəhərində, Füzuli rayonunda tikintisinə başlanılıb. Bu yaxınlarda Sumqayıt şəhər idarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verildi. Bununla belə xidmətin mərkəzi aparatının inzibati binası artıq inşa olunur".
Sonda şöbənin köhnə və yeni tikilmiş inzibati binasının fotostendinə baxış keçirilib və binanın açılışının rəmzi mənasını ifadə edən lent kəsilib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB