Media kapitanları: “Azərbaycan üçün bu kimi hallar yolverilməzdir” SORĞU
Son günlər ölkə mətbuatında Azərbaycanda hərbi sahədə baş verən dəyişikliklər və digər hərbi sirlərlə bağlı geniş məlumatlar yayılır. SİA müharibə şəraitində olan bir ölkədə bu cür məlumatların yayılmasının nə dərəcədə doğru olub olmadığı ilə bağlı media kapitanlarının fikirlərini öyrənib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Hər bir dövlətin milli gücü qiymətləndirilərkən onun fiziki, texniki gücü ilə bərabər milli-mənəvi dəyərləri də qiymətləndirilir. Çünki, hər bir xalqın milli psixologiyası, mentaliteti, dəyərləri onun özünün müdafiəsi prosesində olduqca mühüm rol oynayır. Ona görə də milli gücün qiymətləndirilməsində həm kəmiyyət, həm də keyfiyyət ünsürləri nəzərə alınır. Hərbi sirr məsələsi də mentalitetlə bağlı olan, milli dəyərlərə, adət-ənənələrə söykənən bir məsələdir və milli gücün əsas komponentlərindən biri kimi təsbit edilir. Hər bir ölkədə hərbi sirlər var və onlar hüquqi yollarla qorunur. Ekstrimal vəziyyətdə, müharibə şəraitində, ərazisinin 20 faizi işğal altında olan bir ölkə üçün hərbi sirlərin qorunması daha çox vacibdir. İstər vətəndaşlar, istər dövlət qurumları, istərsə də bu prosesdə ötürücü rol oynayan jurnalistlər çox diqqətli olmalıdırlar. Çünki, məsuliyyət daha çox onların üzərinə düşür. Hesab edirəm ki, hərbi sirlərin qorunması məsələsi hər zaman aktual olub. Lakin hazırkı vəziyyətdə məsələ ölkəmiz üçün daha aktualdır".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Hərbi sirlərin mətbuatda geniş yayılması birmənalı şəkildə doğru deyil. Hərbi sirlər mətbuat tərəfindən gözlənilməlidir. Bu problemlər daha çox bəzi internet saytları tərəfindən yaradılır. Peşəkar mətbuat arasında bu kimi xəbərlərin yayılması halı çox azdır. Bu cür məlumatlar daha çox yeni yaranan və rəhbərliyində peşəkar insanların olmadığı internet saytlarında işıqlandırılır. Bu prosesin tənzimlənməsi üçün ilk növbədə internet medianın özünü tənzimlənməsi lazımdır. İnternet məkanına hüquqi nəzarət prosesinin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən islahatlar aparılmalıdır. Digər tərəfdən düşünürəm ki, Müdafiə Nazirliyinin silahlı qüvvələrə aid olan digər strukturların mətbuat xidmətləri digər mətbuat orqanları ilə yaxından əməkdaşlıq etməli, eyni zamanda onlara treninqlər keçməlidirlər. Azərbaycanda hərbi jurnalist problemi var. Təəssüflər olsun ki, bu gün hərbi jurnalistlərin hazırlanması üçün ölkəmizdə xüsusi ixtisaslar yoxdur. Jurnalistika fakültəsi olan Bakı Dövlət Universitetində belə bununla bağlı ayrıca bir istiqamət yoxdur. Lakin fakültə olmasa belə müəyyən seminar, treninqlər keçirmək mümkündür. Müdafiə Nazirliyi və digər qurumlar bu sahədə aktiv olsalar, hesab edirəm ki, daha yaxşı olar".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Hərbi sirlərin mətbuatda yayılması qəti şəkildə yolverilməzdir. Ölkəmiz müharibə şəraitindədir, arzuolunmaz dövlətlə yaxından və uzaqdan əhatələndiyi bir vaxtda hərbi sirlərin vaxtsız yayılması Azərbaycan üçün təhlükəli ola bilər. Bəzən elə hallar olur ki, hərbi sirlər hansısa dairələr tərəfindən məqsədli şəkildə yayılır. Lakin bəzi hallarda bu kimi məlumatlar jurnalistlər tərəfindən bilməyərək də yayıla bilir. Bu kimi halların qarşısının alınması üçün hərbi sirrin dövriyyəyə çıxmasından dərhal sonra dövlət orqanları buna reaksiya verməlidirlər. Ən azı həmin informasiyanın bilərəkdən və ya bilməyərəkdən olduğu aydınlaşdırılmalıdır. Belə olan təqdirdə jurnalistlər məsələyə daha məsuliyyətlə yanaşacaqlar. Bu hadisələr bir çox hallarda jurnalistlərin bu sahədə peşəkar olmamasından irəli gəlir. Bəzən jurnalistlər nəyin hərbi sirr və ya dövlət sirri olduğunu müəyyənləşdirə bilmirlər. Ona görə də jurnalistlərin bütün sahələrlə bağlı ixtisaslaşmasına ehtiyac var. Eləcə də hərbi sahə ilə bağlı xüsusi jurnalistlər hazırlana bilər ki, Müdafiə Nazirliyi və digər qurumlar bununla əlaqədar iş apara bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB