“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu”

“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu”

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş "20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru, millət vəkili Ağacan Əbiyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ADBTİA-in müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsində vətəninin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konfransda çıxış edən İntiqam Babayevin sözlərinə görə, artıq illərdir ki, 20 Yanvar faciəsi və bu hadisələrdə şəhid olmuş Azərbaycan vətəndaşlarının göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində yad olunur.

O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının dövlətinin müstəqilliyi istiqamətində atdığı ilkin addımdır: "Bu addımın atılmasında əsas səbəblərdən biri də, faciənin yaşandığı dövrdə Azərbaycanın hakimiyyətində xalqına qarşı yetərincə laqeyd və satqın insanların olması idi. Lakin çox təəssüf ki, bu hadisənin başlanğıcında ölkəmizin əzəli-əbədi torpaqlarının işğalı faktı var".

Nazir müavini qeyd edib ki, 20 yanvar faciəsindən 1 gün sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və "Qırmızı rejim"in Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli olub: "Elə 20 Yanvar faciəsinə ilkin qiyməti də Ulu Öndər Heydər Əiyev verib. Onu da qeyd edim ki, SSRİ ərazisində ilkin etnik təmizləmə də məhz Azərbaycan xalqına qarşı törədilib. Lakin ən vacib missiya da xalqımıza nəsib olub ki, SSRİ imperiyasından ilk olaraq Azərbaycan ayrılıb və öz müstəqilliyini bəyan edib".

İntiqam Babayev deyib ki, hazırda Azərbaycan regionda və dünyanın tanınmış bir sıra dövlətləri arasında özünü təsdiq etmiş ölkədir: "Artıq ölkəmiz həm siyasi, həm iqtisadi, həm də sosial sahədə öz addımlarını müstəqil şəkildə atan dövlətdir. Hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır".

Ağacan Əbiyev isə tədbirdə çıxışında deyib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının mərdliyinin azadlıq istəyinin xəbərçisi idi: "SSRİ dağılarkən müstəqilliyini tələb edən ilk respublika Azərbaycan olub. Bu səbəbdən də SSRİ həm öz süqutunun qarşısını almaq və Azərbaycanın müstəqilliyinə yol verməmək üçün 20 Yanvar faciəsini törədib. Lakin Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda hələ də mübarizə aparılır. Bu mübarizədə isə vətənpərvərlik ruhunda böyüyən gənclərin xüsusi rolu olmalıdır".

Konfrans digər tədbir iştirakçılarının "20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda səsləndirdiyi fikirlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə