İranda Hüseyn Cavidin həyat və fəaliyyəti barədə geniş məqalə dərc edilib

İranda Hüseyn Cavidin həyat və fəaliyyəti barədə geniş məqalə dərc edilib

İranın Qərbi Azərbaycan vilayətində nəşr olunan nüfuzlu "Dəniz" qəzeti dünya şöhrətli yazıçı-dramaturq Hüseyn Cavidin həyat və fəaliyyəti barədə geniş məqalə dərc edib. Məqalə qəzetin veb-saytında da yerləşdirilib. (http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=971%3Ahosey-javid&catid=30%3Anewsflash&Itemid=15).

Görkəmli tədqiqatçı, "Dəniz" qəzetinin baş redaktoru Mustafa Quluzadə Əliyar tərəfindən fars dilində təqdim olunan məqalədə şairin ağır və əzablı, eyni zamanda, şərəfli həyat yolundan, məhsuldar və nadir yaradıcılıq üslubunda ortaya çıxardığı dünya şöhrətli əsərlərindən bəhs edilir. Müəllif yazır ki, "Peyğəmbər" dramı ilə İslam dinini zirvələrə qaldıran şair digər dəyərli əsərləri ilə insanlığa, dünyada sülh və sabitliyin mahiyyətinə dəyər verib. Əsaslandırılır ki, Hüseyn Cavid yaradıcılığının dünyada şöhrət qazanması şairin zəngin dünyagörüşü, böyük zəkası, geniş qəlbi və fitri istedadı ilə bağlıdır. Məhz bu yüksək keyfiyyətlər Hüseyn Cavidə imkan verib ki, irqindən və dinindən asılı olmayaraq mütərəqqi insanların arzu və istəklərindən süzülən duyğuları ifadə edə bilsin.

Məqalədə bildirilib ki, Hüseyn Cavid Azərbaycan xalqının qüruru, iftixar yeri, ədəbiyyatımızın sönməz məşəlidir. Bu məşəl əbədi olaraq Azərbaycan ədəbiyyatının yoluna şölə saçacaq. Şairin əsərləri əsrlər boyu yeni-yeni təhlillərə ehtiyac duyacaq, sevilə-sevilə oxunacaq.

Görkəmli ədibin əsərlərinin siyahısı və nadir fotolarının da yer aldığı məqalə farsdilli oxucular və Hüseyn Cavid yaradıcılığını tədqiqatçıları üçün qiymətli mənbədir.

Bütün xəbərlər Facebook səhifəmizdə