“Rusiyada azərbaycanlıların üzləşdiyi problemlər yaxın zamanda aradan qalxacaq”

“Rusiyada azərbaycanlıların üzləşdiyi problemlər yaxın zamanda aradan qalxacaq”

"Bu gün Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əvvəllər xarici ölkələrə üz tutan vətəndaşlarımız ölkəyə qayıdırlar". SİA-nın məlumatına görə, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib.

P. Musayev bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafı nəticəsində ölkəmizə çalışmaq üçün çoxlu sayda əcnəbilər gəlir: "Miqrantların insan alveri qurbanlarına çevrilməmələri üçün Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilir. Bu gün sərhəd-buraxılış məntəqələrində də əməkdaşlarımız xidmət göstərir. Onlar əcnəbilərin müraciətlərinin elektron qaydada qəbulu ilə bağlı işlər görürlər. Regional idarələrin yaradılmasında da məqsəd miqrantların uzaq məsafə qət etməməsinə hesablanıb".

P. Musayev qeyd edib ki, Ermənistanın işğalı nəticəsində azərbaycanlılar daxili miqrasiyaya məruz qalıb: "250 min azərbaycanlı Ermənistandan Azərbaycana miqrasiya edib. Bundan başqa 50 min Mesxeti türkü də Azərbaycana gəlib. Ermənistanın işğalı nəticəsində 750 min azərbaycanlı isə daxili miqrasiyaya məruz qalıb. Lakin Azərbaycan sayı 1 milyona çatan bu insanların zəruri ehtiyaclarının təmin edilməsi işinin öhdəsindən layiqincə gələ bilib".

Pərviz Musayev bu sahədə beynəlxalq qurumların dəstəyinin də önəmli olduğunu vurğulayıb: "BMT-nin qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmir. İşğalın nəticəsidir ki, bu gün işğal olunmuş ərazilərimizdə narkotik bitkilərin becərilməsi, insan orqanlarının transplantasiyası üçün münbit şərait yaranıb. Bütün bunlara baxmayaraq, inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək və məcburi miqrasiyaya məruz qalmış insanlar yurd-yuvalarına qayıdacaqlar".

Rusiyada son zamanlar soydaşlarımızın daha çox çətinliklərlə üzləşdiyinə diqqət çəkən Pərviz Musayev həmvətənlərimizin hüquqlarının qorunması istiqamətində addımlar atıldığını deyib: "Rusiya ilə bu sahədə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür, layihə hazırlanır. İnanıram ki, qısa müddətə bu sənəd imzalanacaq, həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq".

Pərviz Musayev xatırladıb ki, Miqrasiya Məcəlləsi bu il avqustun 1-dən qüvvəyə minib: "Miqrasiya Məcəlləsi hazırlanarkən QHT-lərin, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələri nəzərə alınıb. Regionda analoqu olmayan bir sənəd hazırlanıb və qəbul edilib. Ölkəmizdə qeydiyyata düşərkən miqrantlardan rüsum alınmır. Artıq Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlar iş üçün rəsmi icazə almırlar. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə